Bir ara adı ''Neftçi'' ilə yanaşı hallanan və Adrian Mutu üzündən paytaxtımıza gələ biləcəyi güman edilən ''Qalatasaray''ın rumıniyalı futbolçusu Olimpiu Morutsanın yeni klubunun adına aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı vinger Türkiyədə qalıb.
O, 3 milyon avro və sonrakı satışdan 50 faiz pay qarşılığında ''Ankaragücü''yə transfer olunub. Paytaxt təmsilçisi bu futbolçu ilə ''3+1'' illik müqavilə imzalayıb. ''Ankaragücü'' bu pulun hamısını gələn ilin iyunun 30-na qədər ödəsə, sonrakı satışdan ''Qalatasaray''a yalnız 25 faiz pay veriləcək. Bundan başqa müqavilədə ''Qalatasaray''ın 3 milyon avroya bu futbolçunu yenidən qaytara biləcəyi ilə bağlı maddə var.
Xatırladaq ki, İstanbul nəhəngi Morutsanı 2021-in yayında 4,2 milyon avroya transfer etmişdi. İlk mövsümdə ümidləri doğrultmayan Rumıniya yığmasının üzvü ötən mövsümü İtaliyanın B seriyası təmsilçisi ''Piza''da icarədə keçirmişdi.
ƏLİ