Böyük klubdan Bakıda böyük hörmətsizlik

27.11.2026 22:57
Avrokuboklar / Manşet
Məlum olduğu kimi, “Barselona” Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la qarşılaşmaq üçün Bakıya gəlmişdi. Hər bir media nümayəndəsi bu komandanın oyunçularından müsahibələr almaq, baş məşqçiyə sual vermək istəyər. Amma…

Oyundan əvvəlki gün jurnalistlər üçün mətbuat konfransı və açıq məşq təşkil olunmuşdu. Frenki De Yonq və Hans-Diter Flik mətbuat önünə çıxmamış klub rəsmilərindən biri gəlib, yerli media üçün yalnız iki suala icazə olduğunu, kimin sual vermək istədiyini soruşdu. De Yonqa sual vermək istəyənlər olsa da, həmin şəxs qazaxıstanlı həmkarımızın adını qeyd etdi. Və belə də oldu, bizim əvəzimizə qazaxıstanlı sual verdi. Daha sonra yenidən həmin klub rəsmisi gəldi. Bu dəfə Flikə sual vermək üçün məni və bir həmkarımı seçdilər. Əvvəlcə ispanlar suallarını verdi. Əlimizi qaldırsaq da, bizi sona saxladılar. Daha bir həmkarımız mikrofonu götürüb, sual vermək istəyəndə sualı kəsdilər, mikrofonu da aldılar. Buna söz deyə bilmərəm, klub əvvəldən iki nəfərin sual verməsinə icazə vermişdi. O iki nəfərdən biri də mən idim. Əvvəlcə həmkarım sualını verdi və “yolaverdi” cavab aldı. Lakin onun sualına cavab verən kimi durub getdilər. Mənə sual verməyə icazə vermədilər.

Matç günü gəldi. Oyun başa çatandan sonra məlum idi ki, “Barselona”lı futbolçular müsahibə verəcəkdi. Amma necə?

Həmin klub rəsmisi əvvəlcə İspaniya mətbuatını tapdı, futbolçuları miks-zonada öz media nümayəndələrinin qarşısına gətirdi. Özü də yanında cangüdənlə. Futbolçulara azərbaycanlıların sual ünvanlanmasına da icazə verilmirdi. Futbolçu özü yaxınlaşmaq istəsə də, onu tez uzaqlaşdırırdılar. UEFA nümayəndəsi nə edirdi? Kənarda durub, bunları müşahidə edir, gülürdü. Statusuna uyğun olmayan şəkildə “heç bunlara (azərbaycanlılara – red.) müsahibə də lazım deyil” dedi. Bu isə artıq ümidimizi söndürdü.

Bir sözlə, “Barsa”nın Bakıdakı davranışı “böyük klub” statusuna uyğun gəlmədi...

İSRAYIL XEYRULLAYEV