Türkiyə yığmasının üzvü Ozan Kabakın yeni klubuna aydınlıq gəlmək üzrədi.
Football-plus.az xəbər verir ki, Müqavilə ilə ''Şalke-04''ə məxsus olan gənc mərkəz müdafiəçisi bundesliqanın digər təmsilçisi ''Hoffenhaym''la anlaşıb. Bu xəbəri italiyalı jurnalist Fabritsio Romano yayıb. O bildirib ki, bu transfer ''kəndçilər''ə 7 milyon avroya başa gələcək. Bundan başqa müqavilədə sonrakı satışdan pay və bonuslar da nəzərdə tutulub.
''Qalatasaray''ın yetirməsi olan və 2019-un yanvarında 11 milyon avroya ''Ştutqart''a keçən Kabakın karyerası hələ ki, istənilən məcrada keçmir. Elə həmin ilin yayında o, 15 milyon avroya ''Şalke-04''ə transfer olunsa da, burda da möhkəmlənə bilmədi. Üstəlik helzenkirhenlilər elitanı tərk etdilər. 22 yaşlı futbolçu 2020/21-in ikinci dövrəsini icarə əsasında ''Liverpul''da, ötən mövsümü isə ''Norviç''də keçirmişdi. Yəni Ozan hələ də özünə uyğun bir klub tapa bilməyib.