Premyer-liqanın 13-cü turunda “Zirə” səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub oldu.
“Palms Sports Arena”da keçirilən qarşılaşmadan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
– Oyun sizin üçün uğursuz başladı. Erkən qol buraxdız. Qarşılaşmanı necə dəyərləndirirsiz?
– Oyun uğursuz başladı. Həftəboyu rəqibi təhlil etmişdik. Həmin dəqiqələrdə qol buraxdıq. Bir qədər sonra ərazi üstünlüyünü ələ alsaq da, təhlükəli vəziyyətlər yarada bilmədik. Rəqib müdafiəyə çəkilmişdi. 5-ci dəqiqədə hesabda geri düşdüyümüz üçün önə atılmağa məcbur olduq. Ümumilikdə futbolçularımdan razı qaldım. Liderlə görüşdə yaxşı çıxış etdilər. Zədəli oyunçularımız da var idi.
– Dimitri Leqbo əvvəlki matçda müdafiənin solunda çıxış etmiş və yaxşı təsir bağışlamışdı. Bu dəfə isə vinger kimi oynadı. Bu seçim nə ilə bağlı idi?
– Bizdə vinger qıtlığı var. Hazırda cəmi bir futbolçumuz – Ərən Aydın həmin mövqedə oynaya bilir. Krislə Smitin bu potensialı yoxdu. Onlarla uzunmüddətli müqavilə bağlamışıq. Buna görə qısamüddətli rotasiyalar edirik. Qismət və Aminin müdafiənin, Kris və Leqbonun isə yarımmüdafiənin cinahlarında oynamasını düşündük. Haqlısız, istədiyimizi əldə edə bilmədik. Buna görə Krisi sol cinaha çəkdik. Müdafiədə də müəyyən problemlərimiz var idi.
– Matçdan sonra Yuri Verniduba barmaq silkələdiyiniz göründü. Aranızda nə baş verdi?
– Yadıma gəlmir. Sadəcə, fikrimi bildirdim ki, çox artıq danışırsız. Mənim “Neftçi”yə olan hörmətimdən heç nə demirəm. Ötən oyunda da eyni hərəkəti etmişdi. Həmin vaxt sakit qaldıq. Bəzi hərəkətlərini və işlətdiyi ifadələri özünə yaraşdırmıram.
– Çempionatımız bu mövsüm maraqlı keçir. Hazırkı “Zirə”nin vəziyyəti qarşıya qoyulan hədəfə çatmağa imkan verir?
– Legioner limiti ləğv edildikdən sonra rəqabət aparmaq çətinləşib. “İmişli” ilə 2:2 hesablı heç-heçə etdik. “Şamaxı” ilə oyunun nəticəsi də bizim üçün ürəkaçan olmadı. Davit Volkov neçə oyundu meydandadı. Heyətimiz kasaddı. Belə sıx qrafikdə çıxış etmək bizim üçün çətindi.
– Oyunun son dəqiqələri kifayət qədər gərgin keçdi. Sanki əvvəlki qarşılaşmadan qalan rəqabət də hiss olunurdu. Bunu meydanda necə müşahidə etdiz?
– Biz də vaxtilə futbolçu olmuşuq. Məğlub olduqdan sonra qələbəni daha çox istəyirsən. Qış fasiləsinə qədərki qrafikə baxanda bu qələbə “Neftçi” üçün çox vacib idi. Onlar fasiləyə lider kimi yollanmaq istəyirdilər. Futbolçularda hörmətsizlik görmədim. Oyunun sonunda vaxt uzatmağı biz də futbolçu olduğumuz vaxtlarda etmişik. Burda qınanılacaq bir şey yoxdu.
İSRAYIL XEYRULLAYEV
“Bəzi hərəkətlərini və işlətdiyi ifadələri özünə yaraşdırmıram” - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet




