“Bu söhbəti birdəfəlik bağlamaq lazımdı” - Yuri Vernidub

27.11.2026 22:17
Ölkə futbolu / Manşet
Premyer-liqanın 13-cü turunda “Neftçi” doğma meydanda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdi.

Qarşılaşmadan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

– Rəşad Sadıqov bir qədər əvvəl aranızda nəsə baş verdiyini bildirdi. Sizin bu barədə fikriniz necədi?
– Mənim tərəfimdən heç nə olmayıb. Bəlkə də onda nəsə olub.

- Siz “Neftçi”yə təyin olunandan bəri “Zirə”ni ilk dəfə məğlub etdiz. Bunu necə bacardız?
– İlk növbədə futbolçularımın çıxışı xoşuma gəldi. Oyunu iki hissəyə bölək. Birinci hissədə tam biz nəzarət edirdik. “Zirə”nin qol epizodu yox idi. Çox erkən qol vurduq, amma rəqibə də kifayət qədər imkan verdik. İkinci hissənin ilk 20 dəqiqəsində bərabər oyun getdi. Daha sonra futbolçularım qələbəni qorumaq üçün müdafiə futboluna üstünlük verdilər. Bu, bizim üçün vacib idi. İrəliyə doğru hərəkət edirik. 85-ci dəqiqədə Elvin Bədəlovu meydana buraxdım və 5-3-2 taktiki düzülüşünə keçdik. Bilirdik ki, “Zirə” çoxlu cinah ötürmələrindən istifadə edir. Davit Volkov hava toplarında yaxşı oynayır. Ruan Renato da bu baxımdan təhlükəlidi. Bədəlovu ona görə meydana buraxdım ki, ucaboy futbolçularımızla rəqibin hava ötürmələrinin qarşısını alaq. Bunu da bacardıq.

– Dəqiqədən və nəticədən asılı olmayaraq, dominant “Neftçi”ni nə vaxt görə biləcəyik?
– Bu suala cavab vermək çətindi. Mən də bunu istəyirəm. Amma futbol yerində saymır. Azərbaycan çempionatında xoşuma gələn çoxlu komanda var. “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Kəpəz” – onların hamısı dominant futbol oynamağa çalışır. Ancaq hər zaman topla oynamaq mümkün deyil. Rəqib komandaların məşqçiləri də qələbə qazanmaq istəyirlər. "Sabah” – “Barselona” oyununa baxdız. Həmin qarşılaşmada “Barselona” dominant futbol nümayiş etdirmədi, “Sabah” isə futbol oynamağı bacardığını göstərdi. Buna görə Azərbaycan komandaları haqqında çoxlu xoş sözlər deyə bilərəm.

Avrokubok oyunlarını da izləyirsiz. “Viktoriya” “Benfika”dan güclüdü? Ancaq hesab 4:0 oldu. Mən komandamızın hər bir üzvünə oyuna münasibətinə, çalışmalarına və çəkdikləri əziyyətə görə təşəkkür edirəm. Belə davam etsələr, çox yaxşı nəticələr əldə edəcəyik. Rəşad Sadıqovla mübarizə aparmağımı xatırlamıram. Mən mübahisə edən insan deyiləm. Ona qarşı heç bir mənfi münasibətim yoxdu. Bəzi epizodlarla bağlı narazılığım olub, amma şəxsən onunla bağlı heç nə yoxdu. Bu söhbəti birdəfəlik bağlamaq lazımdı.

– Bir ağsaqqal və turnir cədvəlinin lideri kimi azarkeşlərə çağırış edə bilərsizmi?
– Bu çağırışı hər oyunda edirəm. Bugünkü fanklublara və bütün azarkeşlərimizə salamlarımı çatdırıram. Ümid edirik ki, hər oyundan sonra tribunadakı azarkeşlərin sayı artacaq. Klubun yubileyidi, gəlin, bizə dəstək olun. Sizi burda görmək bizim üçün xoşdu. Siz burda olduqca, biz də daha dominant oynamağa çalışacağıq. Siz “Neftçi”nin 12-ci futbolçususuz. Baxın, “Kəpəz” azarkeşləri necə dəstək göstərirlər. Onları izləyəndə sanki avrokubok oyununa baxırsan. Mən də istəyirəm ki, bizim stadionumuz dolsun. Siz bizim üçün generator rolunu oynayırsız, enerjini sizdən alırıq. Belə davam etsə, bütün qələbələr sizin olacaq. Azarkeş dəstəyi ilə oynamaq həm daha rahat, həm də daha baxımlıdı.