İyulun son günlərində Argentina çempionatında 27-ci turun oyunları keçirildi.
"Football-plus.az" xəbər verir ki, bununla da 2023-cü il mövsümünün birinci mərhələsi başa çatdı. Sonuncu turda diqqəti daha çox cəlb edən məsələ gümüş və bürünc mükafatların hansı komandalara çatacağı idi.
Ona görə ki, ölkə çempionatında uzun müddət liderlik edən “River Pleyt” finişə iki tur qalmış iki ildən sonra tarixində 38-ci çempionluğu rəsmiləşdirmişdi. Bir daha qeyd edək ki, bu, Argentinanın yüksək liqasında rekorddu. Baş məşqçi vəzifəsinə 2022-ci ilin dekabrında təyinat alan Martin Demiçelisin yetirməsi olduğu “milyonçular”ın başında debütü əla alındı. 42 yaşlı mütəxəssisin komandası son oyunu evdə “Rasinq”ə qarşı keçirdi. Başqa sözlə, yeni çempionla əvvəlki mövsümün gümüş mükafatçısı qarşılaşdı. Xatırladaq ki, ötən il oktyabrın 24-də “Rasinq”ə səfərdə qalib gələn (2:1) “River Pleyt” bu komandaya böyük zərbə vurmuş, nəticədə əzəli rəqibi “Boka Xuniors”un çempionluğuna şərait yaratmışdı. Avelyanedalılar həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdılar. Doğrudu, bu baş verəcəyi halda belə yekun cədvəldə “River”in 1-ci yerdəki mövqeyi dəyişməyəcəkdi. Fernando Qaqonun komandası yeni çempionun sonuncu ev oyununda uduzması üçün əlindən gələni etdi. Lakin qonaqların canfəşanlığı heç bir nəticə vermədi. Əksinə, hər hissədə bir qol vuran “milyonçular” azarkeşlərinə turnir əhəmiyyəti olmayan qələbə bəxş etdilər. Nəticəyə rəqib komandanın ikinci hissəni on nəfərlə keçirməsinin də təsiri oldu. Belə ki, mərkəz müdafiəçisi Pyovi fasilə ərəfəsində kobud hərəkətinə görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Azlıqda qalan “Rasinq” son saniyələrdə təsəlli qolunu vurdu. Amma əvvəlki mövsümün gümüş mükafatçısı 1:2 hesablı məğlubiyyətlə bu dəfə 12-ci yeri tutdu.
Liderin əsas izləyicisi olan “Talyeres de Kordoba”nın mövqeyini sonadək qorumaq istəyi aydın idi. Xavyer Qandolfinin çalışdırdığı komanda son turda bir xal qazanacağı halda gümüş medallara sahib çıxacaqdı. Başqa sözlə, mövsümün ilk mərhələsini çox yaxşı keçirən Kordoba klubunun şansı öz əlində idi. “Nyuellz Old Boyz” – “Talyeres de Kordoba” matçı 1:1 hesabıyla nəticələndi. Hər iki qol ilk yarıda vuruldu. Müdafiəçi Lukas Suaresin 62-ci dəqiqədə növbəti xəbərdarlığa görə meydandan qovulması qonaqları çətinə salsa da, kordobalılar sərfəli hesabı sonadək qoruyub saxlaya bildilər.
Bu da var ki, Qandolfinin çalışdırdığı komanda uduzacağı halda belə mövsümü 2-ci yerdə başa vuracaqdı. Çünki tura 3-cü yerdə başlayan “San Lorenso” səfərdə “Tiqre”dən iki cavabsız top buraxdı. Paytaxt klubunu son turda yalnız qələbə qane edə bilərdi ki, “Talyeres de Kordoba”nın bir xal qazanması buenos ayreslilərin gümüş medallara iddiasının üstündən xətt çəkmişdi. “San Lorenso”nun bəxtinin gətirdiyini də vurğulamalıyıq. Ona görə ki, son tur ərəfəsində paytaxt komandasından 2 xal geridə olan “Defensa y Xustisiya” da uduzdu. Nəticədə Ruben İnsuanın çalışdırdığı “San Lorenso” çempionatı bürünc mükafatçı kimi başa vurdu.
Mövsümü boşa verəcəyi təxminən 10-15-ci turlarda böyük ölçüdə aydınlaşan “Boka Xuniors” finişi qələbə seriyası ilə keçdi. Əvvəlki mövsümün çempionu yalnız sona yaxın azarkeşlərini artıq növbəti mərhələ üçün ümidləndirməyi bacardı. Mariano Erronun komandası səfərdə “İndependyente”ni iki cavabsız qolla məğlub etdi. Ardıcıl 4 qələbə ilə son 6 turda qazandığı xalların sayını 16-ya çatdıran “Boka” çempionatı 7-ci yerdə başa vurdu.
Reqlamentə əsasən yüksək liqanı heç bir komanda tərk etmədi. Argentina çempionatında mövsümün ikinci mərhələsi avqustun 20-də fərqli formatla start götürəcək.
27-ci tur
River Pleyt - Rasinq 2:1
Beltran, 23. P.Dias, 70 – X.Qomes, 90+4.
Nyuellz Old Boyz - Talyeres de Kordoba 1:1
Reasko, 36-p. – Qarro, 16.
Tiqre - San Lorenso 2:0
Menossi, 45. Badaloni, 90+1.
Union - Defensa y Xustisiya 2:0
Luna, 74. Domina, 90+2.
Arxentinos Xuniors - Estudiantes 2:3
Montyel, 69-p. A.Rodriges, 88 – Lolyo, 26. M.Mendes, 54. Rollheyser, 58.
Lanus - Barrakas Sentral 2:0
De la Veqa, 40. Troyanski, 60.
Belqrano - Rosario Sentral 0:0
İndependyente - Boka Xuniors 0:2
Sebalyos, 72. Valentini, 77.
Sentral Kordoba - Atletiko Tukuman 0:2
Kotsiubinski, 78. K.Menendes, 84.
Sarmyento - Banfild 0:0
Arsenal - Kolon 2:0
Qolts, 36-öz qapısına. Pons, 90+6-p.
Ximnasiya - Platense 1:1
E.Ramires, 21 – Pelyeqrino, 90+3.
Atletiko Urakan - Veles Sarsfild 1:0
Kokkaro, 45+2-p.
Qodoy Krus - İnstituto 4:2
Qaldames, 28. Arse, 31. Parnisari, 35-öz qapısına. E.Lopes, 71 - Parnisari, 31. A.Martines, 74.
Yekun cədvəl
1. River Pleyt 27 19 4 4 50-20 61
2. Talyeres de Kordoba 27 14 8 5 42-23 50
3. San Lorenso 27 12 10 5 23-13 46
4. Lanus 27 12 9 6 38-27 45
5. Estudiantes 27 12 9 6 35-24 45
6. Defensa y Xustisiya 27 12 8 7 36-23 44
7. Boka Xuniors 27 13 5 9 33-24 44
8. Rosario Sentral 27 10 12 5 36-29 42
9. Qodoy Krus 27 11 8 8 37-32 41
10. Arxentinos Xuniors 27 11 7 9 31-22 40
11. Atletiko Tukuman 27 9 10 8 25-27 37
12. Rasinq 27 9 9 9 36-35 36
13. Belqrano 27 10 6 11 20-26 36
14. Nyuellz Old Boyz 27 8 11 8 24-24 35
15. Barrakas Sentral 27 8 11 8 25-30 35
16. Tiqre 27 9 7 11 27-29 34
17. Platense 27 9 7 11 26-29 34
18. İnstituto 27 8 8 11 24-35 32
19. Sarmyento 27 7 9 11 23-26 30
20. Union 27 6 12 9 19-25 30
21. Banfild 27 7 9 11 21-32 30
22. Ximnasiya 27 7 9 11 24-38 30
23. Sentral Kordoba 27 7 8 12 20-30 29
24. İndependyente 27 6 10 11 23-32 28
25. Veles Sarsfild 27 5 12 10 24-27 27
26. Atletiko Urakan 27 6 7 14 18-29 25
27. Kolon 27 4 13 10 20-33 25
28. Arsenal 27 6 4 17 18-34 22
Bombardirlər: M.Santos (Talyeres de Kordoba), Veqetti (Belqrano) - 13, N.Fernandes (Defensa y Xustisiya), Beltran (River Pleyt), Avalos (Arxentinos Xuniors) - 12, Kauteruçço (İndependyente), L.Dias (Lanus), Retegi (Tiqre), A.Martines (İnstituto), Velis (Rosario Sentral) - 11.