Srağagün Türkiyə Futbol Federasiyasının Rivada yerləşən “Hasan Doğan” mərkəzində böyük səbirsizliklə gözlənilən yeni mövsümün püşkatma mərasimi keçirilib və təqvim bəlli olub.
"Football-plus.az" xəbər verir ki, tədbirdə federasiyanın idarə heyəti, eləcə də superliqa klublarının rəhbərləri iştirak edib.
Qeyd edək ki, 20 komanda ilə və “Trendyol”un sponsorluğu ilə keçiriləcək 2023/24 mövsümünə avqustun 11-14-də start veriləcək. İlk dövrəyə dekabrın 23-25-də yekun vurulacaq. Maraqlıdı ki, ilk dövrə 18 turdan sonra başa çatacaq. 2-ci dövrə isə 20 tur oynanılacaq. Qış fasiləsi o qədər də uzun olmayacaq və 2-ci dövrəyə yanvarın 5-8-də start veriləcək. Mövsüm mayın 19-da yekunlaşacaq. 17 və 22-ci turlar həftəiçi oynanılacaq. Bundan başqa, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçiriləcək. Həmin həftəsonuna təsadüf edən tur aprelin 2-4-də oynanılacaq. Diqqəti çəkən məqam odu ki, yeni mövsümdə heç bir komanda ardıcıl 2 tur evdə oynamayacaq! Bu, Türkiyə çempionatı tarixində ilk belə hal olacaq. Bundan başqa, son 4 pilləni tutan, yəni 17-20-ci pillələrdə qərarlaşan komandalar elitanı tərk edəcək.
İndi isə keçək əsas məsələyə və 1-ci turun oyunları ilə tanış olaq: Adana Dəmirspor – Çaykur Rizəspor, Sivasspor – Samsunspor, Kasımpaşa – Ankaragücü, Pendikspor – Hatayspor, Konyaspor – İstanbulspor, İstanbul BŞ – Alanyaspor, Fatih Karagümrük – Beşiktaş, Fənərbaxça – Qaziantep, Kayserispor – Qalatasaray, Trabzonspor – Antalyaspor. Fanatların əsas diqqət mərkəzində saxladığı nəhənglərin bir-birinə qarşı keçirəcəyi oyunlara gəlincə, bizi artıq 2-ci turda mühüm qarşılaşma gözləyir. Söhbət “Qalatasaray” – “Trabzonspor” oyunundan gedir. Digər prinsipial matçlara gəlincə, 5-ci turda “Beşiktaş” – “Trabzonspor”, 9-cu turda “Qalatasaray” – “Beşiktaş”, 11-ci turda “Fənərbaxça” – “Trabzonspor”, 15-ci turda “Beşiktaş” – “Fənərbaxça” və nəhayət, 18-ci turda “Fənərbaxça” – “Qalatasaray” oyununu izləyəcəyik. Dərhal çox maraqlı bir təsadüf diqqəti cəlb edir. Türkiyə çempionatının şah oyunu, yəni “Fənərbaxça” ilə “Qalatasaray” arasındakı derbi eynilə ötün mövsümdəki turlarda – 18 və 37-ci həftələrdə keçiriləcək! Hətta məkanlar da eyni olacaq. Ötən mövsüm də ilk görüş Kadıköydə, 2-ci görüş “Qalatasaray”ın meydanında keçirilmişdi. “Fənər” üçün daha bir maraqlı təsadüf komandanın mövsümə “Qaziantep”ə qarşı oyunla start verməsidi. Çünki ötən mövsümü “sarı-lacivərdlilər” məhz bu rəqiblə qarşılaşma ilə bitirməliydilər. Amma məlum olduğu kimi, “Qaziantep” fevraldakı zəlzələdən sonra çempionatdan çəkilmişdi.