Noyabrın 20-də start götürəcək dünya çempionatı dekabrın 18-də başa çatacaq.
Qətərdə təşkil olunacaq turnirin keçirildiyi müddətdə isə bəzi ölkələrin daxili çempionatlarına fasilə veriləcək. Öncə qeyd etmək lazımdı ki, “böyük beşliy”ə daxil olan İspaniya, İtaliya, Fransa, Almaniya və İngiltərə kimi nəhənglərin daxili çempionatları qısa müddət dayanacaq. İspaniya çempionatında 14-cü turdan sonra fasilə yaranacaq və yarış dekabrın 31-də yenidən start götürəcək. İtaliya, Fransa və Almaniyada isə 15-ci tura noyabrın 13-də yekun vurulacaq. İtaliyada növbəti tur gələn il yanvarın 4-də start götürəcəksə, Fransada dekabrın 29-da, Almaniyada isə yanvarın 20-də mübarizə qaldığı yerdən davam edəcək. İngiltərədə 16-cı tur noyabrın 13-də başa çatacaqsa, 17-ci tura dekabrın 26-da start veriləcək. Fasilə veriləcəyi dəqiq olan ölkələrdən Hollandiyada noyabrın 13-dən yanvarın 6-na, Portuqaliyada isə ayın 12-dən dekabrın 28-nə kimi çempionat “dondurulacaq”. Belçikada noyabrın 14-dən dekabrın 23-nə, Şotlandiyada isə ayın 12-dən dekabrın 16-na kimi fasilə olacaq.
Mundiala qatılan və qatılmayan başqa bir neçə ölkənin də daxili çempionatına nəzər saldıq. Əvvəlcə onu qeyd edək ki, Azərbaycan premyer-liqasında fasilə yaranmayacaq. Rumıniyada da, demək olar ki, eyni vəziyyətdi. Sadəcə, ölkə çempionatında 18-ci tur noyabrın 14-də baş tutacaq. Növbəti tur isə təxminən iki həftə sonra, dekabrın 3-də start götürəcək. Ukraynada müharibə səbəbindən çempionat gec, avqustun 23-də start götürmüşdü. Bu üzdən 14-cü turun oyunları noyabrın 26-da keçiriləcək. Yalnız bundan sonra başlayacaq fasilə martın 4-də bitəcək.
Polşa, İsveçrə, Çexiya, Avstriya, Slovakiya, Rusiya və Türkiyə çempionatlarının fasilədən öncəki turu noyabrın 13-də keçiriləcək. Polşa və Çexiyada çempionat yanvarın 28-də yenidən start götürəcək. Avstriya fevralın 10-da, Bolqarıstan və Slovakiya isə daxili çempionata 11-də davam edəcək. Superliqada turnir dekabrın 25-dən başlayacaq. İsveçrə və Rusiya isə növbəti ildən çempionata davam edəcək. Bu ölkələrdə mübarizəyə uyğun olaraq, yanvarın 21-i və martın 5-də start veriləcək.
ŞAİR ABDULLA