“Qalatasaray” bu transfer dönəminin 2-ci keçidini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bir neçə gün öncə ispaniyalı sol cinah müdafiəçisi Anxelinyonu transfer edən “Cim-Bom” bu dəfə Xəlil Dərvişoğlunu heyətə qatıb.
23 yaşlı forvard “Qalatasaray” camiəsinə gözəl tanışdı. O daha öncə 2020/21 mövsümünün 2-ci dövrəsində və 2021/22 mövsümündə “sarı-qırmızılar”ın şərəfini qoruyub. Bu transfer onsuz da münasibətləri yaxşı olmayan “Qalatasaray”la “Beşiktaş” arasında bir qədər də soyuqluq yaradıb. Məsələ burasındadı ki, Xəlil məhz “Beşiktaş”a keçmək üzrə idi. Hətta tərəflər 4 illik ilkin anlaşma əldə etmişdilər. Cümə günü axşam saatlarında Xəlilin həm də meneceri olan atası Müzəffərin İstanbula gələrək “Beşiktaş”la son detalları müzakirə edəcəyi gözlənilirdi. Bu futbolçunun həm də Şenol Günəş amilinə görə “Qartal”ı seçəcəyi gözlənilirdi. Xəlil Türkiyə yığmasında məhz Günəşin dönəmində debüt etmişdi. Özü də o, debüt oyununu 2021-in mayında Azərbaycana qarşı keçirmiş və Türkiyənin 2:1 qalib gəldiyi görüşdə qollardan birinin müəllifi olmuşdu. Amma Müzəffər Dərbişoğlu birdən-birə qərarını dəyişərək “Qalatasaray”a üstünlük verdi! Əvvəlki dönəmdə icarə əsasında “Qalatasaray”ın şərəfini qoruyan Xəlil bu dəfə İstanbul nəhəngi ilə dördillik müqavilə imzalayıb. “21” nömrəli formanı seçən futbolçunun illik qazancı 20 milyon lirə, yəni təxminən 700 min avro təşkil edəcək. Bu transfer “Qalatasaray”a 500 min avroya başa gəlib. Qeyd edək ki, 1999-cu il təvəllüdlü Dərvişoğlu Niderlandın Rotterdam şəhərində doğulub və bu şəhəri təmsil edən “Sparta”nın yetirməsidi. 2020-də İngiltərəyə yollanan və “Brentford”a transfer olunan forvard burda möhkəmlənə bilmədiyi üçün tez-tez başqa klublara icarəyə verilirdi. Əvvəlcə “Tvente”, sonra “Qalatasaray” macərasını yaşayan Xəlil ötən mövsümü icarə əsasında “Bernli”də keçirdi. “Cim-Bom”da ilyarım ərzində 45 rəsmi oyunda 8 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyən hücumçu ötən mövsüm isə çempionnşipin qalibi olan “Bernli”də cəmi 11 rəsmi oyuna çıxaraq 1 qol vura bildi.
Onu da bildirək ki, “Qalatasaray” fanatlarının yolunu səbirsizliklə gözlədikləri Mauro İkardinin transferi bir qədər yubanacaq. Belə ki, futbolçunun məşhurluqda heç də ondan geri qalmayan həyat yoldaşı və meneceri Vanda Narada leykoz, yəni qan xərçəngi xəstəliyi aşkarlanıb! İkardinin Türkiyəyə nə vaxt gələcəyi bilinmir. Baş məşqçi Okan Buruk qeyd edib ki, ÇL-in 2-ci təsnifat mərhələsində böyük ehtimalla İkardi komandaya kömək etməyəcək.