AFFA İcraiyyə Komitəsinin son qərarı ilə liqaların sayı artırıldı. 1-ci liqaya daha 4 komanda qoşuldu. Yeni yaradılan 2-ci liqada isə 12 komandanın çıxışına icazə verildi.
Diqqət çəkən əsas məqam köklü komandalardan "Göyəzən", "Neftçala", "Xəzər Lənkəran 42", "Masallı", "Qobustan" və digərlərinin kənarda qalmasıdı. Bunun səbəbi maraq doğurmaya bilməz. "Football-plus.az" saytı olaraq mövzu ilə bağlı "Qobustan"ın vitse-prezidenti Taleh Gülməmmədovun fikrini öyrəndik:
"Biz 2007-ci ildə yaradılan klubuq. 16 ilə yaxındı Region Liqasında çıxış edirik. Bu vaxta kimi turnirin nizamnaməsinə əməl etmişik. Bunu AFFA rəsmləri də təsdiqləyə bilər. 1-ci liqada çıxış etmək üçün neçə ay öncədən sənədlərimizi təqdim etmişdim. Amma bizi heç 2-ci liqaya da buraxmadılar. 16 il sabit çıxış edənin yox, 1 ildi mövcud olan və ya yeni yaradılan komandaların 2-ci liqaya buraxılmasını ədalətsizlik sayırıq. Bu yöndə şikayət və narazılığımızı da bildirəcəyik. AFFA-nın baş katibi Sərxan Hacıyevin qəbuluna yazılmışıq. Görüş təyin olunanda üzbəüz narazılığımızı bildirəcəyik".
ABDULLA İSMAYILOĞLU