Lakin AFFA-nın İcraiyyə Komitəsinin son iclasında verilən qərara görə, daha bir Region Liqası təmsilçisinin divizionda iştirakı təmin olunmalı idi. Bunun üçün isə AFFA və PFL tərəfindən meyarlar müəyyən edildi. Meyarlara uyğun sənədləri quruma ən tez təqdim edən komandanın növbəti mövsümdən 1-ci divizionda çıxışı təmin olunacaqdı.
Bununla bağlı 6 komanda AFFA-ya müraciət etmişdi. Bunlar “Qobustan”, “Ağsu Siti”, “Füzuli”, “Göyəzən”, “İrəvan” və “Bakılı”dı. Lakin bu gün açıqlanan qərara görə 6 klubdan heç biririnin 1-ci divizionda iştirakı təmin olunmayıb. Səbəb isə təqdim olunan sənədlərin meyarlara uyğun olmamasıdı.
Görəsən, komandalar hansı meyarlara cavab verməyib? Onların qərara münasibəti necədi? “Qobustan”ın vitse-prezidenti Taleh Gülməmmədov məsələ ilə bağlı “Football-plus.az” saytına bunları söylədi:
“Meyarlardan ikisi bizim üçün müəyyən qədər problem idi. Lakin onları da yoluna qoymuşduq. Biri stadion idi, digəri isə sponsor. Təəssüf ki, AFFA-nın qərarı belə oldu. Buna çox təəccübləndik. Mən 3-4 gün öncə AFFA-ya e-mail vasitəsilə müraciət edib dedim ki, “Qobustan” bütün meyarlara cavab verir. Amma gözləmədiyimiz qərar verildi. Qərarı oxuyandan sonra əl-qolumuz qırıldı. Neçə gündü bu prosesləri həyata keçiririk, əziyyət çəkirik, sonda isə nəticə olmadı. Çox güman, nəzərlərində hansısa bir komanda var və onu 1-ci diviziona buraxacaqlar”.
ŞAİR ABDULLA





