Neymarın cəzası ağır oldu

7.11.2026 11:23 0
Dünya futbolu
Neymar Braziliya çempionatında növbəti dəfə meydandan qovulub.

"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu bu dəfə haqsız yerə cəzalandığını iddia edib.

“Santos”un hücumçusu A seriyasının 32-ci turunun “Bayya” ilə oyununda (1:1) qırmızı vərəqə ilə cəzalanıb. O, rəqib komandanın futbolçusu Rodriqo Nestora əli ilə ağzını örtərək nəsə deyib. Fürsəti əldən verməyən Nestor bu barədə hakimə şikayət edib və Neymar dərhal meydandan qovulub. FİFA-nın bu yay tətbiq etdiyi yeni qaydaya əsasən, meydanda danışarkən ağzı əllə örtmək qadağan olunduğundan referi Neymara münasibətdə bu qərarı verib. Məşhur futbolçu matçdan sonra hadisə ilə bağlı fikirlərini belə ifadə edib:

“Nestorun bu gün mənə qarşı etdiyini çox ciddi davranış hesab edirəm. Niyə? Çünki bu, irqçiliyə qarşı müəyyən edilən qaydadı. O isə əlimlə ağzımı örtməyimdən istifadə edərək oyunda üstünlük qazanmağa çalışdı. Halbuki ona heç nə deməmişdim. Əlbəttə, bir-birimizi təhqir edir, söz atırdıq. Bu normaldı, futbolun bir hissəsidi. Amma onun etdiyi çox ciddi məsələdi. Bu, irqçiliyə qarşı yaradılmış qaydadısa, o, necə belə hərəkət edə bilər? Bu inanılmazdı. Başverənlərə görə çox məyusam, çünki bu, çox alçaq hərəkət idi”.

Qeyd edək ki, Neymara əlavə 2 oyunluq cəza kəsilib. Beləliklə, o, qırmızı vərəqəyə görə avtomatik cəza ilə birlikdə “Santos”un növbəti 3 oyununda görünməyəcək.