“Fənərbaxça”nın yeni baş məşqçisi bəllidi?

19.06.2023 22:30 316
Dünya futbolu
Jorje Jezuşla yollarını ayıran və “Reyncers”dən ayrılan ingiltərəli vinger Rayan Kenti heyətinə qatan “Fənərbaxça” ilə bağlı yeni xəbərlər var.

"Football-plus.az" xəbər verir ki, ğncə qeyd edək ki, İstanbul nəhəngi qapıçı İrfan Can Eğribayatı daimi əsasda transfer edib. 24 yaşlı qapıçı ötən yay 500 min avroya “Göztəpə”dən birilliyə icarəyə götürülmüşdü. İrfan Altay Bayındırın əvəzləyicisi qismində heyətə qatılmışdı və ilk aylar, demək olar, oynamırdı. Amma Bayındırın aprelin sonlarına yaxın əməliyyat olunmasının ardından məhz Eğribayat şans qazanmağa başladı. Düzdü, o, 13 rəsmi oyunun cəmi 4-də qapısını toxunulmaz saxladı ki, bunların da 3-ü kuboka təsadüf etdi. Amma İrfan Canın performansı fanatları və rəhbərliyi qane etdi. Bu üzdən “Fənər” “Göztəpə”yə daha 1,2 milyon avro ödəyərək onu daimi əsasda transfer etdi. Kluba ümumilikdə 1,7 milyon avroya başa gələn “əlcək sahibi” ilə 2027-ci ilə qədər müqavilə imzalandı.

Sözsüz, indi “Fənər”in əsas gündəmi baş məşqçi məsələsidi. Ötən sayımızda Sərgən Yalçının artıq namizədlər sırasından çıxdığını xəbər vermişdik. Digər iki namizəd – Abdulla Avcı ilə Vinçentso Montella arasında isə belə görünür, rəhbərlik ikinciyə üstünlük verib. Son günlər yayılan şayiələr belə düşünməyə əsas verir. Srağagün verdiyi düzgün proqnozlarla tanınan italiyalı jurnalist Canluka Di Martsio Montella ilə “Fənərbaxça” arasında “2+1” illik anlaşma əldə olunduğunu iddia etdi. Onun bir başqa iddiasına görə, “sarı-lacivərdlilər” baş məşqçi probleminin yoluna qoyandan sonra hücumu da gücləndiriblər və Edin Ceko ilə razılıq əldə olunub. Deyilənə görə, Montella da rəhbərlikdən bu təcrübəli forvardın transferini tələb edib. “Calciomercato”nun xəbərinə görə isə Montella “Fənər”ə daha 2 futbolçunu məsləhət görüb. Bunlar “Yuventus”la müqavilə müddəti bitən kolumbiyalı Xuan Kuadrado və “Bolonya”nın hücumameyilli yarımmüdafiəçisi Rikkardo Orsolinidi. Amma son mövsüm oyunu və qolları ilə diqqəti çəkən 26 yaşlı Orsolininin transferi çətin görünür. Çünki ona “Fiorentina” və “Napoli” də ciddi maraq göstərir.

Bu arada “Adana Dəmirspor”da keçirdiyi 2 ilə yaxın dönəmdən sonra müqaviləni yeniləməyən və klubdan ayrılan Montellanın əsas köməkçisi Massimo Krivellaro İtaliya mətbuatına açıqlamalar verib. Xatırladaq ki, Adana təmsilçisi Montellanın başçılığı altında 2022/23-ü 4-cü pillədə başa vuraraq tarixinin ən yaxşı mövsümünü keçirdi. Krivellaro “Fənər”in adını çəkməsə də, Türkiyədə qalacaqlarına işarə vurub:
“Az qala 12 ay davam edən çətin bir mövsümü geridə qoyduq. Əvvəlcə mundial, sonra zədə, ardından da prezident seçkisi üzündən bir neçə dəfə fasilə yarandı. İlk mövsümü 9-cu pillədə bitirmişdik. Bu dəfə hədəf ən azı bu nəticəni yaxşılaşdırmaq idi. Əla mövsüm keçirdik və 4-cü olduq. Komanda tarixində ilk dəfə avrokuboklarda oynamaq haqqı qazandı. Bizi yalnız İstanbul nəhəngləri qabaqlaya bildi. Bu, “Adana Dəmirspor” üçün çempionluğa bərabər bir uğurdu. Amma yeni macəranın zamanıdı. Qəlbimiz Adanada qalsa da, ordan ayrılmalı olduq. Orda hər baxımdan çox gözəl və yaddaqalan iki mövsüm keçirdik. İtaliyaya dönmək pis olmazdı. Amma əlimizdə rəsmi təklif yoxdu. Montellanın Türkiyədə qalıb başqa klubu çalışdırmaq ehtimalı var. Təbii ki, mən də çox gözəl anlaşdığım Montella ilə birlikdə yola davam etmək istəyirəm”.