Braziliya çempionatının 9-cu turundan sonra yüksək yerlər uğrunda mübarizədə intriqa gücləndi. Səbəb liderin uduzması, əsas izləyicisinin isə qələbə qazanması ilə bağlı oldu.
Mövsümün ilk 5 turunda xal itirməməklə liderliyi zəbt edən “Botafoqo” 6-cı turda “Qoyas”a məğlub olandan (1:2) sonra ardıcıl iki qələbə qazanmışdı.
"Football-plus.az" xəbər verir ki, hesabat turuna əsas izləyicisi “Palmeyras”ı 5 xal qabaqlamaqla başlayan rio de janeyrolular üçün Kuritibaya səfər uğursuz alındı.
Yerli “Atletiko Paranaense” topa 48 faiz nəzarət etsə də, digər əsas statistik göstəricilər üzrə lideri arxada qoydu. Aleks Santananın fasilə ərəfəsində vurduğu qola cavab verə bilməyən Luiş Kaştronun çalışdırdığı komanda son 4 turda 2-ci məğlubiyyətini aldı. Amma bu məğlubiyyət də “Botafoqo”nun zirvədəki mövqeyinə təsir etmədi.
Lakin “Palmeyras” ilə xal fərqi azaldı. Liderin əsas izləyicisi bu dəfə xal itirmədi. Son çempion əvvəlki 3 oyunu heç-heçə başa vurmaqla əsas hədəfindən bir qədər aralı düşmüşdü. Abel Ferreyranın komandasının bu tur qalib gələcəyini gözləmək olardı. Çünki rəqib sonuncu yeri tutan “Koritiba” idi. A seriyasının autsayderi san paulululara 1:3 hesabıyla məğlub oldu. “Palmeyras” bu qələbə ilə liderlə xal fərqini 2-yə endirdi.
Tura 3-cü yerdə başlayan “San Paulu” Portu Aleqridəki matçda hesabı açsa da, qalan vaxtda iki top buraxaraq uduzdu. “Qremio”ya məğlubiyyət Dorival Juniorun komandasını birdən-birə 5 pilləlik geriləmə ilə 8-ci yerə saldı.
Çünki “Atletiko Mineyro”, “Flamenqo” və “Fluminense” də azarkeşlərini qələbə ilə sevindirdi. “Kruzeyro”nu səfərdə minimal hesabla məğlub edən “Atletiko Mineyro” “Qremio”nu topların daha yaxşı fərqinə əsasən qabaqlamaqla 3-cü yerə yüksəldi. Qonaqların 36 yaşlı hücumçusu Halkın cərimə zərbəsi ilə meydanın mərkəzindən vurduğu qolu izləməyə dəyərdi.
Son mövsümün bürünc mükafatçısı “Fluminense” ardıcıl iki məğlubiyyətdən sonra “Braqantino”ya 2:1 hesabı ilə qalib gəldi. Qələbə qolunu Braziliya futbolunun daha bir veteran futbolçusu Felipe Melo vurdu. İyunun 26-da 40 yaşını tamamlayacaq yarımmüdafiəçi “Flu”nun formasında çempionatda qol hesabını açdı. Fernando Dinizin çalışdırdığı komandanın 8-ci yerdən 6-ya yüksəldiyini də bildirək.
“İnternasyonal” Santosda hesabına bir xal yazdı. Ötən mövsümün vitse-çempionu hazırda heyət və oyun planında problemlərini tədricən arxada qoymağa çalışır. Bu mövsüm dərin böhrana düşən Manu Menezeşin komandası əvvəlki kimi 13-cü yerdədi.
9-cu tur
Atletiko Paranaense – Botafoqo RJ 1:0
Aleks Santana, 42.
Palmeyras - Koritiba 3:1
Artur, 30. Roni, 34; 73 – Alef Manqa, 83.
Qremio - San Paulu 2:1
Kristaldo, 31-p. Reynaldo, 39 – Kalyeri, 15.
Kruzeyro - Atletiko Mineyro 0:1
Halk, 27.
Vasku da Qama – Flamenqo 1:4
Jair, 58-p. – Pulqar, 14. Jerson, 16. Pedro, 42. Ayrton Lukas, 45+2.
Fluminense - Braqantino 2:1
Qanso, 27. Felipe Melo, 34 – Borbas, 54.
Amerika Mineyro - Korintians 2:0
Danilo Avelar, 74-p. Renato Markes, 87.
Fortaleza - Bayya 0:0
Santos - İnternasyonal 1:1
Lukas Lima, 12 – Luis Adriano, 3.
Qoyas - Kuyaba 0:1
Deyverson, 54.
1. Botafoqo RJ 9 7 0 2 16-7 21
2. Palmeyras 9 5 4 0 20-8 19
3. Atletiko Mineyro 9 5 2 2 13-7 17
4. Qremio 9 5 2 2 14-12 17
5. Flamenqo 9 5 1 3 18-11 16
6. Fluminense 9 5 1 3 14-9 16
7. Atletiko Paranaense 9 5 0 4 12-11 15
8. San Paulu 9 4 3 2 15-9 15
9. Fortaleza 9 3 5 1 12-6 14
10. Kruzeyro 9 4 1 4 12-8 13
11. Braqantino 9 3 4 2 14-13 13
12. Santos 9 3 3 3 9-8 12
13. İnternasyonal 9 3 2 4 8-12 11
14. Kuyaba 9 3 2 4 8-13 11
15. Bayya 9 2 2 5 9-14 8
16. Korintians 9 2 2 5 8-14 8
17. Qoyas 9 2 1 6 7-16 7
18. Amerika Mineyro 9 2 1 6 9-20 7
19. Vasku da Qama 9 1 3 5 9-17 6
20. Koritiba 9 0 3 6 8-20 3
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 6, Rocer Gedeş (Korintians), Halk (Atletiko Mineyro) - 5.