“Şamaxı”nın bundan sonrakı taleyi necə olacaq? Bu sual günlərdi idman mediasının əsas müzakirə mövzusudu.
Premyer-liqanın 36-cı turunda “Səbail”ə uduzmaqla elitanı tərk edən “şirlər”lə bağlı fərqli söhbətlər dolaşır. Kimi komandanın dağılacağını, kimi rəhbərliyin hazırkı heyəti qoruyub-saxlayacağını söyləyir. Ancaq əksəriyyətin fikrincə, birinci divizionda çıxış edəcəyi təqdirdə aparıcı futbolçular “Şamaxı”nı tərk edəcək, klubun aşağı yaş qrupları fəaliyyətini dayandıracaq. Bütün bu söz-söhbətə aydınlıq gətirmək üçün bölgə təmsilçisinin İdarə Heyətinin sədri Elçin Usubla danışmağı lazım bildik.
- "Şamaxı" premyer-liqanın son turunda "Səbail"ə məğlub olmaqla sonuncu pillədə qərarlaşdı. Oyun haqda fikirləriniz maraqlıdı.
- Gərgin idman mübarizəsi şəraitində keçən bir qarşılaşma izlədik. Təəssüf ki, bəxt də bizim tərəfdə olmadı. Xüsusilə oyunun əvvəlində qapıçımız, meydanda kapitanımız olan Rəşad Əzizlinin zədələnməsinin də komandaya psixoloji cəhətdən təsir etdiyi görünürdü. İstənilən halda idmanda əsas olan tablodu, tabloda da hər şey əksini tapdı.
- Bu nəticə ilə premyer-liqanı tərk etmək məcburiyyətindəsiz. AFFA İcraiyyə Komitəsinin iclasından sizi sevindirəcək qərar gözləyirsiz?
- Bizim üçün əsas olan idman prinsipidi. Bunu prioritet götürərək növbəti mövsümün planlarını cızırıq. İcraiyyə Komitəsinin istənilən qərarını da hörmətlə qarşılayacağıq.
- Futbol ictimaiyyətinin bəzi nümayəndələri düşünür ki, idman prinsipinə əməl etmək lazımdı. Lakin müəyyən qism də premyer-liqada 12 komandanın olmasının tərəfdarıdı. Bu məqam sizi ümidləndirir?
- Hesab edirəm ki, əvvəlki sualda bu sualı da cavabladım.
- Mövsüm başa çatdı. Əvvəllər strategiyanız haqda müsbət fikirlər səsləndirirdiz. Premyer-liqada sonuncu olmaq bu düşüncənizi dəyişməyib?
- Təbii ki, xeyr. Mövsüm ərzində komandamız heyətində təcrübəli yerli və legioner oyunçular olan bir çox rəqiblərlə qarşılaşmalarda yaxşı oyun göstərib və xallar ala bilib. Təsadüfi deyil ki, əksər komandaların baş məşqçiləri mətbuat konfranslarında Şamaxıdakı oyunları çox çətin səfər kimi qiymətləndirirdilər. Mövsümboyu bəzı xırda detallar və bəxtsizlik istədiyimiz nəticəni qazanmağa mane oldu ki, bu da bir təcrübədi. Hesab edirik ki, çətin yol olsa da, əvvəlki strategiya ilə yolumuza davam edəcəyik. Geridə qalan mövsümdə də futbolçularımız adından söz etdirdi. Təsadüfi deyil ki, premyer-liqaya yeni adlar qazandırdıq. Komandanın da çoxları tərəfdən bəyənilən oyun üslubu var idi.
- Yerli futbolçularla mübarizə aparmaq yaxşı fikir idi. Lakin "Səbail", "Kəpəz" və "Turan Tovuz"a lazım olmayan futbolçularla mübarizəyə atılmaq nə qədər doğru idi?
- Nəzərə alın ki, yeni rəhbərlik olaraq, iyulda komandanı formalaşdırmağa başladıq. Bu vaxt da artıq təcrübəli futbolçuların klubları ilə müqavilələri var idi, onları heyətə qata bilmədik. Qış “transfer pəncərəsi”ndə də eyni problemlə qarşılaşdıq, yalnız azad agent statusu daşıyan futbolçuları transfer edə bildik.
- Diviziona düşəcəyiniz halda yüksəködənişli futbolçularla yola davam edəcəksiz?
- Yaxın günlərdə klubdaxili iclas olacaq. Bu suala həmin toplantıda aydınlıq gələcək. Çalışacağıq ki, müqaviləsi olan futbolçuları həyətimizdə saxlayaq.
- Ötən ilin avqustunda "elitanı tərk etsək, biabırçılıq olacaq" demişdiz. İndi necə düşünürsüz?
- Bu ifadə ötən ilin avqustunda - ilk mətbuat konfransında zarafatla deyilmişdi. Mövsümboyu gənc və premyer-liqa təcrübəsi olmayan futbolçuların göstərdiyi performansı, mübariz və döyüşkən komandanın yaradılmasını nəzərə alsaq, bunu biabırçılıq adlandırmaq düzgün olmaz. Mövsüm ərzində sizin qəzetdə və digər saytlarda gedən yazılarda komandamızın oyunu barədə çox müsbət fikirlər səsləndirilib.
- AFFA İcraiyyə Komitəsinin qərarı Vüqar Əsgərli ilə Cavid Hüseynovun postunda qalmalarına necə təsir edəcək?
- Məşqçilər heyətinin qalıb-qalmamasını İcraiyyə Komitəsinin qərarı ilə əlaqələndirmək düzgün olmaz. Əvvəldə dediyim kimi, klubdaxili iclasda məşqçilər heyəti ilə bağlı məsələyə də aydınlıq gələcək.
RƏŞAD
Elçin Usub: “Bizim üçün əsas olan idman prinsipidi” - MÜSAHİBƏ
Manşet / Müsahibə





