Tural Piriyevin rəhbərlik etdiyi qurumun fəaliyyətinin nəticəsi olaraq ötən ay Huner Group ilə “Turan Tovuz” arasında əməkdaşlıq müqaviləsi imzalandı. Adını qeyd etdiyimiz şirkət “boz qurd”ların baş sponsoru oldu. Tovuz təmsilçisinin ardından FİF “Kəpəz” və “Şamaxı” üçün də sponsor axtarışına çıxıb. Hətta bir neçə gün öncə bu məqsədlə Gəncədə yerli iş adamları ilə görüş təşkil olunmuşdu.
Ancaq hazırda futbol ictimaiyyətini düşündürən bir sual var. 26 turdan sonra həm “Kəpəz”, həm də “Şamaxı” autsayderlər arasında yer alıb və hər iki klub elitanı tərk etmək təhlükəsi ilə üz-üzədi. Bəs görəsən, “sarı göylər” və ya “şirlər” premyer-liqanı tərk edəcəyi halda FİF bu klublara sponsor cəlb edəcək? Bu suala cavab tapmaq üçün FİF-in rəhbəri Tural Piriyevlə əlaqə saxladıq. Məsələ ilə bağlı “Footbal-plus.az” saytına açıqlama verən Tural bəy bunları söylədi:
“Biz tək elita yox, birinci divizionda çıxış edən klublar üçün də sponsor axtarırıq. İş adamları ilə görüşüb istər “İmişli”, istər “Araz Naxçıvan” və “Zaqatala”, istərsə də növbəti mövsümdən Region Liqasını birinci diviziona dəyişəcək bölgə təmsilçiləri ilə əməkdaşlığa dəvət edirik. Adını qeyd etdiyiniz klublardan hansısa aşağı dəstəyə düşəcəyi halda belə bu yöndə işimizi davam etdirəcəyik. Sadəcə, fərq maliyyə ilə bağlı olacaq. Heç kimə sirr deyil ki, premyer-liqa ilə aşağı dəstənin tələbləri eyni deyil. Yeganə fərq büdcə ilə bağlı olacaq”.
Son günlər yayılan söz-söhbətlərə inansaq, “Şamaxı”ya sponsor tapılıb. Ancaq “şirlər”lə əməkdaşlıq etmək istəyən şirkət mövsümün sonunu, daha dəqiq desək, komandanın elita da qalıb-qalmayacağını dəqiqləşdirmək istəyir. Piriyevlə söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik. FİF-in rəhbəri “Mən də belə məlumat yoxdu” deməklə kifayətləndi.
RƏŞAD






