“Turan Tovuz”un qisası ağır oldu - REPORTAJ

9.05.2023 16:49 382
Premyer-liqa / Reportaj
“Neftçi”nin kubokun yarımfinalında “Turan Tovuz”u məğlub etməsi yeni rəqabətin əsasını qoydu. “Boz qurd” bunun acığını çıxmaq istəyirdi. Məhz bu səbəbdən də qərb bölgəsində keçirilən görüşə maraq yetərincə böyük idi.

Təsadüfi deyil ki, qarşılaşmanı 4500 azarkeş izləyirdi. Hər iki komandanın heyətində itkilər də var idi. Ayxan Abbasov boşluqları “siğortalaya” bilmişdisə, Regekampfın belə imkanı yox idi. Rumın mütəxəssis əlacsızlıqdan müdafiənin mərkəzində Eddini oynadırdı. Sol cinahda isə Sayef çıxış edirdi.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başladı. Azarkeşlərin möhtəşəm dəstəyi ilə yerli komanda “Neftçi”ni qapısına sıxışdırdı. Matçda ilk qol özünü çox gözlətmədi. 17-ci dəqiqə Məsimovun ötürməsindən sonra Natan akrobatik zərbə ilə topu qapıdan keçirməyə cəhd göstərdi. Lakin onun ayağı topa çatmadı. Özünü yetirən Eva isə toru silkələdi.

Hesab açılandan sonra da “Turan Tovuz” sakitləşmədi. Ayxan Abbasovun komandası rəqibi pərən-pərən salmışdı. 4 dəqiqə sonra “boz qurd” 2-ci qolu vurdu. Xəyalın cərimə zərbəsindən ötürməsini Miller qapıdan keçirdi. Ardıcıl qollar qonaqları özündən çıxarırdı, meydanda sərt mübarizənin şahidi olurduq. 37-ci dəqiqədə Miller zədələnərək meydanı tərk etdi. Hamı düşünürdü ki, “ağ-qaralar” fasiləyə kimi fərqini azaldacaq. Lakin 44-cü dəqiqədə Eva yenidən səhnəyə çıxdı. Xəyalın künc zərbəsindən ötürdüyü topu forvard başla qapıdan keçirdi.

“Neftçi” üçün ilk yarı biabırçılıqla yadda qaldı. Regekampf vəziyyəti düzəltmək üçün Caberin əvəzinə İsmayılı döyüşə atdı. İkinci hissənin 10-15 dəqiqəsində flaqman qol vurmağa cəhd etdi. Lakin bakılılarda nəsə alınmırdı. Görüşdə son nöqtəni isə yenə Eva qoydu. Forvard 61-ci dəqiqədə het-trik edərək komandasının qələbəsini rəsmiləşdirdi. Beləliklə, “Turan Tovuz” “Neftçi”ni 4:0 hesabıyla darmadağın edərək kubokdakı məğlubiyyətin qısasını aldı.

Gözdən qaçmadı

* Tovuzda qalmaqal yaşandı. Oyundan əvvəl stadiona daxil olmağa çalışan “Neftçi” azarkeşləri istəyinə çata bilmədi. Belə ki, 30-35 nəfərlik “Forza Neftçi”li arenanın giriş qapısı önündə saxlanıldı. Yoxlama aparılandan sonra bir nəfərin girişinə qadağa qoyuldu.
* 29-cu dəqiqədə Ayxan Abbasovla Solomon Kverkveliya arasında mübahisə yaşandı. Gürcü müdafiəçi Emin Mahmudova etiraz edən azarkeşlərə əli ilə “sakit durun” işarəsi göstərdi. Baş məşqçi isə buna qəzəbləndi. Məşqçilər korpusunun müdaxiləsindən sonra ara sakitləşdi.
* Tovuzlular “Neftçi”dən o qədər incimişdi ki, bəzən topdaşıyanlar belə onları topla təmin etmək istəmirdi. Bu hadisəyə ikinci hissədə iki dəfə şahid olduq. Bir dəfə künc zərbəsindən öncə Emin Mahmudov topu reklam lövhələrinin arxasından götürməyə məcbur oldu. Bir epizodda isə Regekampf özü topdaşıyandan topu alaraq İsmayıl Zülfüqarlıya verdi.
* Görüş bitən kimi Regekampf komandanı meydanın mərkəzinə yığaraq danladı. Bunu görən Ayxan Abbasov rumın mütəxəssislə sağollaşmadan meydanı tərk etdi.
* “Neftçi” meydanı tərk edərkən tovuzlu azarkeşlər bakılıları fitə basdı. Lakin kapitan Emin Mahmudov buna azarkeşləri alqışlamaqla cavab verdi.