Zorlamada günahlandırılan və yanvarın 20-dən bu yana həbsxanada olan Daniel Alveşin məsələsi ilə bağlı dünən məhkəmənin növbəti iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, tarixin ən titullu futbolçusu statusunda olan Alveş buna qədər 4 fərqli versiya səsləndirmişdi.
O, 1-ci versiyada onu ittiham edən xanımı tanımadığını, 2-ci versiyada xanımı tanıdığını, amma aralarında heç nə olmadığını, 3-cü versiyada xanımın özünün onun üstünə atılaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdi.
Braziliyalı yalnız 4-cü ifadəsində xanımla cinsi əlaqəyə girdiyini, amma bunun qarşılıqlı şəkildə baş verdiyini demişdi. Alveş bu dəfə də sonuncu versiyanın üstündə israr edib. Əvvəlki ifadələrinin üst-üstə düşməməsini isə həyat yoldaşını çox sevməsi və xəyanəti ondan gizlətməyə çalışması ilə əlaqələndirib. ''Barselona'', PSJ və ''Yuventus''un sabiq üzvü dekabrın 30-da Barselonada bir gecə klubunda yaşanan hadisəni növbəti dəfə öz baxış bucağı ilə danışıb.
Onun sözlərinə görə 23 yaşlı həmin xanımı rəqs etməyə dəvət edib və onlar arasında ilk dəqiqələrdən seksual istək yarandığından bu işlə tualetdə məşğul olmağa qərar veriblər. Futbolçunun vəkili vurğulayıb ki, Alveş həmişə xanımlara hörmətlə yanaşır və qarşı tərəfin istəyinin olmadığını görəndə onu heç vaxt cinsi əlaqəyə məcbur etmir. Məhşur futbolçu həmin xanımın onu nə üçün ittiham etdiyini bilmədiyini deyib.
Alveşin ehtimalına görə seks bitdikdən sonra nəzakətli və incə davranmadığına görə xanım ondan inciyib! Alveş onları görən olmasın deyə xanımdan tualeti ayrı-ayrı tərk etmələrini istəyib. İspaniyadakı mövcud qaydalara görə futbolçuya 1 ildən 12 ilə qədər həbs cəzası verilə bilər.
Alveşin həyat yoldaşı Xoana Sans hələ martın ortalarında ondan boşanacağını açıqlasa da, futbolçuya sona qədər dəstək verəcəyini qeyd etmişdi.