Alveş təxminən 4-12 illiyə azadlıqdan məhrum edilə bilər

24.01.2023 22:21 240
Dünya futbolu
Bir neçə gün əvvəl Daniel Alveşlə bağlı ortaya atılan sensasiyalı iddia artıq real nəticələrini verib. Məşhur braziliyalı futbolçu hazırda həbsdədi!

Ondan bir qızın şikayət etdiyini xəbər vermişdik. Şikayətçi Alveşi ona qarşı Barselonanın Tuset küçəsindəki “Sutton” klubunda cinsi təcavüzə əl atmaqda ittiham etmişdi. Hazırda Meksikada, “Pumas”da çıxış edən 39 yaşlı futbolçunun bu ittihama cavabı mənfi olmuşdu. Yəni Daniel qanuna zidd hərəkət etmədiyini bildirmişdi.

Lakin Barselona məhkəməsi dünyanın ən titullu futbolçusunun zaminə buraxılmadan həbs olunmasına qərar verib. Məhkəmə braziliyalını 23 yaşlı qıza qarşı zorakılıq hərəkətlərində təqsirli bilərək onu müvəqqəti həbs cəzasına məhkum edib. Qeyd edək ki, Alveş cinsi təcavüz ittihamı ilə İspaniya polisi tərəfindən Barselonada saxlanılmışdı.

Artıq səbəbkar başqa həbsxanaya köçürülüb. “Mundo Deportivo”nun yaydığı xəbərə görə, o, əvvəlcə Brians 1 müəssisəsinə yerləşdirilib, dünən isə Brians 2-yə aparılıb. Hakimiyyət orqanlarının belə qərarı məşhur futbolçuya qarşı müsbət münasibət kimi şərh edilə bilər. Çünki onun yeni saxlanma yerində duşla təchiz olunmuş fərdi kameralar var. Ədliyyə Departamenti bu tədbirlərin “şübhəlinin təhlükəsizliyini və yaşayış modulunda dinc yaşamasını” təmin etmək üçün görüldüyünü açıqlayıb.

Alveş müvəqqəti həbs cəzasına məhkum edildiyi ilk gündə heç nə yeməməsi və ünsiyyət saxlamaması ilə diqqəti cəlb edib. İspaniya qanunlarına görə, günahı sübuta yetirilərsə, ona 4 ildən 12 ilə qədər həbs cəzası verilə bilər.

Bu arada Danielə yönələn ittihamın yeni təfərrüatları üzə çıxıb. Yerli “El Periodico” nəşrinin məlumatına görə, braziliyalı futbolçu gecə klubunda qızı tualetə aparıb və onunla qeyri-təbii yolla cinsi əlaqəyə girməyə çalışıb. İttihamçı tərəfinin sözlərinə görə, qız müqavimət göstərməyə başlayıb, bundan sonra Alveş onu vurub və cinsi təcavüz edib. Həmin məkanla bağlı videogörüntülərdən futbolçu ilə onu zorlamaqda ittiham edən qızın 15 dəqiqəyə yaxın tualetdə oluqları müəyyənləşib. Bunu xüsusi vurğulayaq: zorlamaya məruz qalan şəxs təzminat almaq istəməyib və futbolçunun həbsini tələb edib.
Nüfuzuna xələl dəyən səbəbkar artıq daha bir zərbə alıb. “Pumas” rəhbərliyi müdafiəçi ilə müqaviləni ləğv edib. Meksika klubunun prezidenti Leopoldo Silva futbolçu ilə müqaviləyə xitam verilməsi ilə bağlı belə deyib: “Klubumuz həm meydanda, həm də meydandan kənarda futbolçularımızın hörmətini, dürüstlüyünü və ləyaqətini müdafiə edir. Çünki onlar cəmiyyətdə, Meksikada və dünyanın başqa yerlərində nümunədilər. Biz bir nəfərin davranışının ölkədə gənc idmançıların yetişdirilməsində və inkişafında həmişə nümunəvi olan fəlsəfəmizə xələl gətirməsinə icazə verə bilmərik”.

Alveşin “Pumas”la müqaviləsinin müddəti iyunun sonunda başa çatırdı. Maraqlıdı ki, xanımı Xoana Sans sosial şəbəkə hesabı vasitəsilə Danielə haqq qazandırıb. Paylaşımına əri ilə birgə şəklini qoyan ispaniyalı model “Birlikdə” sözünü əlavə etdiyi fikirlərini belə ifadə edib: “Ərimin necə adam olduğunu bilirəm. Onun hamıya necə hörmətlə yanaşdığını da yaxşı bilirəm. O, mənimlə tanış olanda da mənə qarşı hörmətini aydın şəkildə bildirmişdi. Birgə getdiyimiz yerlərdə qadınların dəfələrlə ona yaxınlaşaraq Danini “ələ keçirməyə” çalışdıqlarını görmüşəm”.