"Football-plus.az" xəbər verir ki, tərəflər anlaşa bilməyəndən sonra Ümumdünya Boks Assosiasiyası (WBA) Usikdən “WBA World” kəmərinin sahibi, britaniyalı Daniel Dyubua ilə danışıqlara başlamağı tələb edib. Britaniyalı Dyubua ötən il dekabrın 3-də Londonda keçirdiyi döyüşün 3-cü raundunda Kevin Lerenə texniki nokautla qalib gəlib.
Yeri gəlmişkən, Usik Füri ilə danışıqların bitməsi haqda açıqlama verib: “Məşqlərin cədvəlini tuturuq, döyüş təşkil edirik, tarixi razılaşdırırıq, ancaq planımız dəyişə də bilər. Füri ilə döyüş müxtəlif səbəblər üzündən baş tutmadı. Anlaşa bilmədik, kimsə hamı üçün münasib olan şərtlər ilə razılaşmadı”.
Qəzetimizin şənbə sayında vaxtilə iki dəfə Tayson Füriyə uduzan Deontey Uaylderin bu rəqibi fırıldaqçılığda suçladığını xəbər vermişdik. Taysonun atası Con bu ittihamı cavabsız qoymayıb:
“Uaylderi qorxunc, gerizəka adam sayıram, ümumiyyətlə, xoşuma gəlmir. O heç cür məğlubiyyətlə barışa bilmir. Tayson kimi gənc olsaydım, onu döyərdim. Hər iki əlimlə dişlərini tökərdim. Tayson əla boksçudu, ancaq onda məndəki ehtiras yoxdu. Kimsə məni təhqir edirsə, onu vururam. Taysona dedim ki, niyə onu vurmadın, vurmaq lazımdı”.
Bu arada superağır çəkidə sabiq mütləq dünya çempionu Lennoks Lüis Usik – Füri döyüşünün alınmamasıyla bağlı maraqlı açıqlama verib:
“Başa düşə bilmirəm ki, niyə onlar tarixə düşmək istəmirlər? Düşünürəm ki, onlar dekabrda döyüşməyə hazırlaşırlar. Mənim dövrümdə superağır çəkidə çempion olmaq indikindən dəfələrlə çətin idi. Niyə? Ona görə ki, mənlə rinqə çıxmaq lazım idi”.






