Hələ ilk qarşılaşmadan sonra bəlli olmuşdu ki, hazırda bu komandalar arasında səviyyə fərqi var.
“Football-plus.az” xəbər verir ki, cavab oyunu bu faktı daha böyük çılpaqlığı ilə ortaya qoydu. Ən qəribəsi odu ki, bu “sınıq-salxaq” “Brügge” qrup mərhələsində iki “böyük beşlik” təmsilçisini – “Atletiko” ilə “Bayer-04”ü üstələyərək pley-offa vəsiqə qazanmışdı. Amma komanda ÇL-də tarixindəki ilk pley-off macərasının belə rüsvayçılıqla bitəcəyini bilsəydi, bəlkə də heç buralara qədər gəlib çıxmazdı. “Benfika” ilk görüşün nəticəsini unudaraq start fitindən etibarən irəli atıldı. Marionun artıq 2-ci dəqiqədə vurduğu qol ofsayd üzündən qeydə alınmadı. “Brügge” ilk qolu buraxana qədər əlindən gələni edərək bacardığı qədər rəqibə müqavimət göstərdi. Amma 38-ci dəqiqədə buraxılan ilk qoldan sonra hər şey aydın oldu. Həm ekran başında, həm tribunada oyunu izləyənlərə, həm də “Brügge”lilərə. Rafa Silvanın qolundan sonra səhnəyə Qonsalo Ramoş çıxaraq qısa müddət ərzində dubl etdi. Son mundialda Krişitano Ronaldonun ehtiyatda qalmasına səbəbkar olan futbolçu kimi tanınan və İsveçrə ilə 1/8 final matçında het-trik edən gənc portuqaliyalı forvard bu görüşdə də hesabına 3 qol yaza bilərdi. Amma 71-ci dəqiqədə qazanılan penalti zamanı Mario özü topun başına keçdi. Təcrübəli futbolçu topla qapıçını ayrı-ayrı künclərə göndərdi. Braziliyalı Neres ilk görüşdə olduğu kimi, bu dəfə də sonradan meydana çıxmaqla qol vurdu. Amma “Brügge” cüzi bir təsəlli taparaq qollardan birinin əvəzini çıxmağa müvəffəq oldu. Beləliklə, iki oyunun nəticəsinə görə 7 qol vuran “Benfika” ardıcıl 2-ci mövsüm bu turnirdə adını ən güclü 8 klub arasında yazdırdı. Bu arada oyundan bir neçə saat sonra “Brügge” rəhbərliyi Skott Parkeri istefaya göndərdi. Bu da o deməkdi ki, 42 yaşlı ingiltərəli mütəxəssisin Belçika dönəmi cəmi 9 həftə davam etdi! O, bu vəzifəyə dekabrın 31-də gətirilmişdi. Belçika çempionatında 4-cü pillədə qərarlaşan “Brügge” Parkerin başçılığı altında keçirdiyi 12 rəsmi oyunda yalnız iki qələbə qazana bildi (6 heç-heçə, 4 məğlubiyyət).
Faktlar
* ''Benfika'' ÇL-də ən böyükhesablı ev qələbəsini qazandı. Buna qədər komanda üç dəfə 3:0 hesablı qələbələr qazanmışdı.
* ''Benfika'' ardıcıl 2-ci mövsüm Avropanın 1 nömrəli klub turnirində 1/4 finala yüksəldi. Sonuncu dəfə komanda bunu 1967/68 və 1968/69 mövsümlərində bacarmışdı.
* Mario ÇL-də ardıcıl 5-ci oyunda qol sevinci yaşadı. “Benfika”nın heyətində bu turnirdə ardıcıl 5 oyunda qol vuran sonuncu futbolçu 1963-64-cü illərdə əfsanəvi Eysebio olmuşdu.
* Ramoş 21 yaş 260 günlüyündə ÇL-in pley-off matçında 3 qolda (2 qol, 1 məhsuldar ötürmə) iştirak edən ən gənc ikinci futbolçu oldu. O, bu göstəricidə yalnız Holanndan geri qalır.
* Ramoş bu mövsüm rəsmi oyunlarda 23 qol, 9 məhsuldar ötürməlik performans sərgiləyib. Bu, Avropa futbolunda yaşı 22-yə çatmayan futbolçular arasında ən yaxşı göstəricidi!