Dünən Türkiyə çempionatının 25-ci turunda ''Qalatasaray'' ''Kasımpaşa'' ilə qarşılaşdı.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bir qədər çətinliklə də olsa, 1:0 hesablı qələbə qazandı. İkinci hissəsinin əvvəllərində meydana çıxan yeni transfer Nikolo Zanyolonun qapıya ilk zərbəsi dəqiq alındı və ''Cim-Bom'' bu qolla aktivinə 3 xal yazdı. ''Fənərbaxça''nın bu tur oyunu yoxdu. Ona görə də zirvədə xal fərqi 9-a yüksəldi. Amma ''Qalatasaray'' üçün bu qələbənin daha bir önəmi var. Okan Burukun kollektivi superliqada ardıcıl 14-cü qələbəsini qazandı. Bu, turnirin tarixinin yeni rekordudu! ''Aslan''a ötən tur çempionatdan çəkilən ''Qaziantep''lə oyuna görə 3:0 hesablı texniki qələbə verilmişdi. Beləcə komanda ''Beşiktaş''a məxsus olan rekordu təkrarlamışdı. ''Qartal'' 1959-60 mövsümünün 10-22-ci turlarında ardıcıl 13 qələbə qazanmışdı. Yəni ''Qalatasaray'' bu tur Türkiyə çempionatında 63 il davam edən rekordu yenilədi.