İnanılmaz səslənsə də, “Qalatasaray” bu dəfə də qalib gəlməklə rəsmi oyunlarda məhz ardıcıl 14-cü qələbəsini qazandı.
Football-plus.az xəbər verir ki, bunlarda 11-i superliqa, 3-ü kubok çərçivəsində qeydə alınıb.
Türkiyədə 1959-dan, yəni peşəkar səviyyədə çempionat keçirilməyə başlandığı vaxtdan bəri bir mövsümün gedişində ardıcıl 14 qələbə qazanan komanda olmamışdı! Yəni onsuz da bir çox rekordların və ilklərin müəllifi olan “Cim-Bom” bu baxımdan da adını ölkə futbolunun tarixinə yazdırdı. Okan Buruk turnirin tarixində bir mövsümdə ən uzun (11) qələbə seriyasına malik olan yerli məşqçilərin – Şenol Günəşlə Ziya Doğanın rekordlarını təkrarladı. Hər iki mütəxəssis bu rekordu “Trabzonspor”un başında əldə edib. Günəş 1995/96, Doğan isə 2003/04 mövsümündə.
Onu da vurğulayaq ki, Türkiyə çempionatı tarixində bir mövsümdə ardıcıl qələbə seriyası ilə bağlı rekord “Beşiktaş”a məxsusdu. “Qartal” 1959/60-da macarıstanlı Andrea Kutikin başçılığı altında ardıcıl 13 qələbə qazanmışdı. “Fənərbaxça” isə 2005/06-da Kristof Daumla ardıcıl 12 qələbə qazanıb. Bu göstəricidə də rekordu yeniləmək üçün “Qalatasaray” qarşıdakı 3 turda da qalib gəlməlidi.