Dünən Türkiyə çempionatının 22-ci turunda ''Ankaragücü'' öz meydanında ''Fatih Karagümrük''ə 2 cavabsız qolla məğlub oldu.
Paytaxt təmsilçisi son 4 turda 3-cü dəfə uduzdu. Düzdü, ''Ankaragücü'' düşmə zonasında qərarlaşmayıb. Komanda 21 oyuna topladığı 22 xalla 14-cü pillədədi. Buna baxmayaraq baş məşqçi Ömər Ərdoğan istefa vermək qərarına gəlib.
Xatırladaq ki, debütant ankaralılar mövsümə Mustafa Dalcının rəhbərliyi altında başlamışdılar. Ərdoğan isə komandanın başına 4-cü tur ərəfəsində - avqustun 29-da keçmişdi. Göründüyü kimi onun dönəmi cəmi 5 ay çəkdi. ''Ankaragücü'' Ərdoğan ilə 18 superliqa matçından 6 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətlə ayrılmış oldu. Yeri gəlmişkən paytaxt təmsilçisi kubokda da mübarizəni davam etdirir. Komanda 1/4 finalda ''Trabzonspor''la qarşılaşacaq.