Yeni mövsüm üçün Türkiyə çempionatına vəsiqə qazanan ilk 2 komandanın adına aydınlıq gəlib.
1-ci liqanın son turunda evdə ''Samsunspor''u qəbul edən ''Ankaragücü'' özünə lazım olan 1 xalı qazanaraq (0:0) cəmi birillik fasilədən sonra elitaya qayıdıb. ''Ankaragücü'' tarixində 5-ci dəfə superliqaya yüksəlib. Komanda daha öncə 1968/69, 1976/77, 2017/18 mövsümlərində bunu bacarmışdı. Ankaralılar 1980/81-də isə aşağı liqada oynaya-oynaya ölkə kubokunun qalibi olmuş və o vaxtki qaydalara görə elitaya yüksəlmişdi. ''Ankaragücü'' gələn il superliqada ümumilikdə 53-cü mövsümünü keçirəcəyindən bu komanda ölkədə kifayət qədər tanınır.
Amma elitaya vəsiqə qazanan digər kollektiv isə 1938-ci ildə yaradılmasına baxmayaraq tarixində ilk dəfə bu uğura nail olub! Söhbət ''Ümraniyəspor''dan gedir. Bu komanda İstanbulun Ümraniyə qəsəbəsini təmsil edir. Başqa sözlə desək, yeni mövsümdə İstanbul elitada 7 klubla təmsil olunacaq. Üç nəhəngdən və ''İstanbul BŞ''dən başqa ''Kasımpaşa'', ''Fatih Karagümrük'' və artıq qeyd etdiyimiz kimi ''Ümraniyəspor'' bu şəhəri təmsil edəcək. Maraqlıdı ki, bu rəqəm hələ arta bilər. Çünki İstanbulu təmsil edən ''Eyupspor''la ''İstanbulspor'' pley-offa vəsiqə qazanmağa çox yaxındı. Superliqanın 3-cü debütantının adına məhz pley-off matçlarından sonra aydınlıq gələcək.