“Səbail”in qadınlardan ibarət fanklubu yaradılıb.
Buna komandanın qış fasiləsindən sonra “Şamaxı” ilə səfərdə keçirdiyi oyunda şahid olduq. “Dənizçilər” azarkeş qrupu ilə yanaşı, xanımlar da komandaya dəstək olurdu.
“Sailor girls” (Dənizçi qadınlar) fanklubunun məhz “Səbail”ə azarkeşlik etməsi maraq doğumaya bilməz. Görəsən, bunun səbəbi nədi? Ümumiyyətlə, “Sailor girls” nə vaxt yaranıb, neçə üzvü var? Komandanın bütün oyunlarına gedirlər?
Bu suallara cavab tapmaq üçün “Sailor girls”ın rəhbəri Rəşad Dildaşovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Mən uzun müddətdi "Səbail" azarkeşiyəm. Səbaildə yaşadığıma görə də bu kluba sevgim sonsuzdu. Bu səbəbdən öz təşkilatçılığımla "Səbail"in xanım azarkeş qrupunu yaratdıq. Mən eyni zamanda “iticket.az” şirkətinin könüllülərinin rəhbəriyəm. Qadın azarkeş qrupunun rəhbəri olmağımın səbəbi daha çox xanımlarla çalışmağımdan irəli gəlir. Hamısı mənim kollektivimdi. Qrup 50 nəfərdən ibarətdi. Üzvlərin hər biri komandanı dəstəkləməyə can atır. Səfər oyunlarının hər birinə hamı gedə bilməsə də, təxminən 30 nəfər gedir. Fikrimcə, Şahin Diniyevin gəlişi komandada müsbətə doğru çox şeyi dəyişəcək”.
ŞAİR ABDULLA