“Səbail”in saytı kiberhücumlara məruz qalıb

11.01.2023 19:33 369
Premyer-liqa / Manşet
Misli premyer-liqasının iki komandasının ortaq problemi var ki, həllini tapmır.

Hələ mövsümün əvvəlindən “Kəpəz”lə “Turan Tovuz” rəsmi saytını hazırlamağa başlamışdı. Əslində indiyə kimi çoxdan hər iki klubun saytı fəaliyyətə başlamalıydı. Lakin bəzi səbəblərdən üzündən bu baş vermədi. “Turan Tovuz”da artıq 1 aydan çox idi son tamamlama işləri gedirdi. “Kəpəz”in saytı ilə bağlı görülən işlərin texniki səbəb üzündən hədər getməsi isə bu prosesə sıfırdan başlamaqla nəticələndi. Lakin hələ də heç bir klubun rəsmi saytı hazır vəziyyətdə deyil.

Saytlardan söz düşmüşkən, elitada son pillədə qərarlaşan “Səbail”in də son günlər internet ünvanında problem yaranıb. Artıq iki həftədən çoxdu ki, klub barədə bəzi detalları dəqiqləşdirmək üçün rəsmi saytdan istifadə edə bilmirik. Bu səbəbdən hər 3 klubdan məlum problemlərin səbəbini soruşduq.
“Kəpəz”in mətbuat katibi Azad Mustafayev hazırda komanda ilə Antalyada olduğunu və bu işlərə baxanlarla əlaqə saxladıqdan sonra mövcud vəziyyəti bizə söyləyəcəyini dedi. Lakin günboyu gözlədik, gecə oldu, ancaq Azad bəydən səs çıxmadı. Digər klubların sözçüləri isə problemi izah etdi.

Sənəm Fərhadlı (Səbail):
“Saytda texniki problem var idi. Donmalar olurdu, eyni zamanda kiberhücumlara da məruz qalırdı. Bu səbəbdən saytımızı yeniləyir, yeni server qururuq. Bu prosesin nə vaxt başa çatacağını isə dəqiq deyə bilmərəm
”.

Süleyman Tağıyev (Turan Tovuz):
“Saytımız artıq hazırdı. İzləyicilər turantovuzpfk.az domeni ilə daxil ola bilərlər. Hazırda son fotosessiya olmalıdı. Onu da etdikdən sonra tam fəaliyyətə start veriləcək. Bu proses, inşallah, komanda təlim-məşq toplanışından dönəndən sonra başlayacaq. Fevralın əvvəlinə kimi yekunlaşdırmağı planlaşdırmışıq”.


ŞAİR ABDULLA