Mövsümə hazırlıq üçün keçirilən “Qvadalaxara” (2:0) ilə oyunda dizi zədələnən fransalı futbolçu üçün nəzərdə tutulan konservativ müalicə lazımi effekt verməyib. Bu səbəbdən dünya çempionunun cərrahiyyə əməliyyatı keçirməsinə qərar verilib. Polun diz qapağı əməliyyatı uğurlu alınıb. Həkimlərin proqnozuna görə, 29 yaşlı yarımmüdafiəçi təxminən 6 həftədən sonra yaşıl meydana qayıdacaq.
Əsas məqsədi noyabrın 20-də start götürəcək dünya çempionatında iştirak olan Poqba sosial şəbəkə hesabında hazırkı vəziyyəti barədə bu cümlələri yazıb:
“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalmaq və meydana qayıtmaqdı. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm. Zədəli olduğuma və bütün çətinliklərə baxmayaraq, psixoloji planda işlərim qaydasındadı. Yalnız irəli hərəkət edirik”.



