"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Viktoriya"ya uduzaraq qrupdan kənarda qaldı.
Ağdam təmsilçinin heyətində bir çox futbolçular zəif çıxış etdi. Şahruddin Məhəmmədəliyev isə ciddi səhvlərlə yadda qaldı.
"Football-plus.az" saytı olaraq bununla bağlı Tərlan Əhmədovun fikrini öyrəndik. Təcrübəli mütəxəssis qapıçını müdafiə etdi:
"Bizdə yıxılana balta vurmağı sevənlər çoxdu. Mən də dəfələrlə bununla qarşılaşmışam. Şahruddinə balta vuranları, onu aşağılayanları kəskin şəkildə qınayıram. Bir səhvə görə futbolçunu silib atmaq olmaz. Heç kim səhvsiz, nöqsansız deyil. Kollektiv idman növü olan futbolda yanlışlığa yol verməmək mümkün deyil. Bəli, "Qarabağ"ın və millimizin "1 nömrə"sinin səhvi hamımızı məyus etdi. Gərək risk edib o cür topa çıxmayaydı. Buna görə onu tənqid etmək və səhvlərini dönə-dönə izah etmək lazımdı. Yoxsa sosial şəbəkələrdə, saytlarda qolkiperi "xalq düşməni" elan etmək kimi hallara yol verilməməlidi. Onda gərək dünya şöhrətli qapıçılar səhvlər edəndə onlara qarşı beynəlxalq tribunal təşkil olunsun. Zəif çıxış edən, səhvləriylə diqqət çəkən istənilən futbolçunu tənqid etməliyik. Bununla yanaşı, onların arxasında durub qayğı da göstərmək lazımdı".
ABDULLA İSMAYILOĞLU