Rıdvan Yılmazı ''Reyncers''ə satan ''Beşiktaş'' müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi müqavilə ilə ''Vest Hem''ə məxsus olan Artur Masuakunu birilliyə icarəyə götürüb. ''Qartal'' ingilislərə icarə haqqı ödəməyəcək. Amma komanda fransızəsilli konqolu futbolçunu daimi əsasda transfer edə bilmək hüququnu ələ keçirib. ''Ağ-qaralar'' bu hüquqdan yararlanmaq istəsələr, gələn yay 2,2 milyon avro ödəməli olacaqlar. Futbolçu ''Vest Hem''də illik 1,5 milyon avro qazanırdı. Yeni mövsümdə bu məbləğin yarısını ''Beşiktaş'' ödəyəcək. 28 yaşlı Masuaku daha öncə ''Valensyenn'' və ''Olimpiakos''un şərəfini qoruyub. 2016-dan bəri məxsus olduğu ''Vest Hem''də isə indiyə qədər 100-dən çox rəsmi oyun keçirib və 2 qol vurub.
Bu arada Öndər Karavəlinin yenidən ''Beşiktaş''da işləyəcəyi məlum olub. Bu mütəxəssis klubda Futbol İnkişaf Direktoru vəzifəsinə gətirilib. Klubdan bununla bağlı verilən məlumatda qeyd olunub ki, indiyə qədər ''Beşiktaş''da belə bir şöbə olmamışdı. Karavəli bir növ əsas komanda ilə akademiya arasında körpü rolunu oynayacaq. O, akademiyada əsas komandaya yüksəlmək potensialı olan yeniyetmələrlə yaxından maraqlanacaq və onların texniki, taktiki, fiziki, psixoloji hazırlıqlarına diqqət yetirəcək. Bundan başqa futbolçunun ailə üzvləri ilə də ünsiyyət quraraq onlara oyunçunun həyat tərzi və peşəkarlaşması yönündə müəyyən məsləhətlər verəcək.
Xatırladaq ki, 48 yaşlı Karavəli ötən ilin dekabrında Sərgən Yalçının istefasından sonra baş məşqçi postuna gətirilmişdi. O, komandanın başında təxminən 3,5 ay keçirdikdən sonra martın sonlarına yaxın istefa vermişdi. ''Beşiktaş'' ötən mövsüm ölkə superkubokunu məhz bu mütəxəssisin başçılığı altında qazanmışdı.
ƏLİ