Cek Uilşir peşəkar karyerasını başa vurub.
"Football-plus.az" xəbər verir ki, İngiltərə millisinin sabiq oyunçusu dərhal məşqçilik fəaliyyətinə başlayıb.
Bir neçə gün əvvəl son klubu Danimarka “Orxus”undan ayrılan yarımmüdafiəçi bu barədə öz “tvitter” hesabında məlumat yayıb. Cek 30 yaşında futbolçu həyatına son qoyduğunu bildirib. O, daha çox “Arsenal”dakı çıxışı ilə tanınır. London klubunun yetirməsi olan futbolçu “topçular”ın əsas komandasında 2008-ci ildə 16 yaşında debüt etmişdi. Uilşir həmçinin icarə əsasında “Bornmut”, “Vest Hem” və “Bolton”da da oynayıb.
İngiltərə millisində 34 matça çıxan Cekin işsiz günləri çox da çəkməyib. O, karyerasını başa vurduğunu bəyan edəndən üç gün sonra “Arsenal”ın U-18 komandasının baş məşqçisi təyin olunub.