"Football-plus.az" xəbər verir ki, 46 yaşlı ədalət təmsilçisi Türkiyədə uğradığı haqsızlığın ardından DÇ-2022-dən kənar düşüb. O, 2012-dən bəri ilk dəfə nəhəng turnirdə fit sahibi olmayacaq. Bundan başqa, uzun illərdi Çakırın köməkçiləri olan yan xətt hakimləri Bahattin Duranla Tarık Onqun Türkiyədəki karyeralarını başa vurduqlarını açıqlayıblar. Bu üzdən Çakırın hansı addımı atacağı bilinmir.
Bu arada məşhur hakim ötən həftəsonu Anadolu Ədalət Sarayı tərəfindən təşkil olunan 10-cu ənənəvi futbol turnirinin final oyununu idarə edib. Matçı Türkiyənin Vəkillər Kollegiyasının üzvləri, eləcə də bir sıra vəzifəli şəxslər qonaq qismində izləyib. Çakırın idarə etdiyi finalda ''Anadolu Bilgi İşlem'' ''Kadıköy''ü penalti seriyasında 4:1 hesabıyla məğlub edib. Bu oyundan öncə isə Hami Mandıralı da daxil olmaqla sabiq ulduzların iştirakı ilə ''şöhrətlər matçı'' keçirilib. Finalın ardından Dəmirörən Xəbər Ajansı Çakırla söhbətləşməyə müvəffəq olub. Tanınmış hakim bunları deyib:
''Cox gözəl və əyləncəli axşam oldu. Turnirin təşkilində əməyi keçən hər kəsə təşəkkür etmək istəyirəm. Türk ədalətinin çox dəyərli üzvlərinin təşkili etdiyi bu turnirdə əslində əvvəlki illərdə də iştirak etmək istəyirdim. Amma vaxt azlığı üzündən bu arzum reallaşmamışdı. Bu dəfə isə qismət oldu. Finaldan və bu turnirdən zövq aldım. Finala yüksələn komandalar çox centlemencə bir matç oynadılar. Onları da təbrik edirəm. Yeni mövsümlə bağlı planlarıma gəlincə, bildiyiniz kimi, Türkiyə Futbol Federasiyası ilə hələ birillik müqaviləm var. Ancaq xaricdən çox maraqlı təkliflər almışam. Həm hakim, həm yönətici, həm də Hakimlər Komitəsinin baş məsləhətçisi kimi təkliflərim var. Ona görə də oturub hər şeyi yaxşıca götür-qoy etməli və ilk növbədə ailəmlə məsləhətləşməliyəm. Yaxın zamanda qərarımı verəcəm və bunu da ictimaiyyətlə paylaşacam''.




