Dünyanın ən önəmli hakimlərindən biri olan Cüneyt Çakırla bağlı xəbər var.
Daha doğrusu, xəbər Çakırın köməkçiləri Bahattin Duran və Tarık Onqun haqdadı. Çakırı onlarsız təsəvvür etmək mümkün deyil. Çünki 2009-cu ildən bəri Çakır Türkiyə və Avropadakı önəmli qarşılaşmalara məhz bu köməkçiləri ilə birlikdə təyinat alırdı. Amma 46 yaşlı Duran və 49 yaşlı Onqun şok qərar qəbul edərək Türkiyə karyeralarını bitirdiklərini açıqlayıblar! Bu qərarın arxasında, təbii ki, Türkiyə Futbol Federasiyası tərəfindən onlara qarşı edilən haqsızlıq dayanır. Cüneyt Çakır martda heç bir ciddi əsas olmadan TFF-nin nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsi tərəfindən hakimlikdən kənarlaşdırılmışdı. Düzdü, sonradan qurumun rəhbərliyi dəyişmiş və Çakır yenidən hakimliyə qaytarılmışdı. Amma bu qalmaqal üzündən məşhur hakim DÇ-2022-dən kənarda qaldı və futbol tarixində ardıcıl 6 nəhəng turnirə təyinat alan ilk hakim olmaq fürsətini əldən verdi. Təbii ki, mundiala yollanacaqları təqdirdə Çakırla yanaşı, Duranla Onqun da bu qüruru yaşayacaqdı. Çünki əvvəlki nəhəng turnirlərin hamısında Çakırın köməkçiləri məhz bu hakimlər olmuşdu. “Üçlüy” son 13 ildə 2 DÇ-nin və 1 AÇ-nin yarımfinalı, 2015-də ÇL-in finalı, 2012-də Klublararası DÇ-nin finalı da daxil olmaqla ümumilikdə 3 qitədə, 38 fərqli ölkədə 366 oyunda yer almışdılar.
Duranla Onqunun ortaq açıqlamasında onlar məhz Türkiyə karyeralarını bitirdiklərini açıqlayıblar. Bu o deməkdi ki, bu ikili başqa ölkələrdə işləməyin heç də əleyhinə deyil. Amma bir problem var ki, Cüneyt Çakırın TFF ilə müqaviləsi davam edir. Bu üzdən onun hələ ki başqa ölkədə işləməsi real görünmür. Çakırın müqavilə müddəti tamamlandıqdan sonra ''üçlüy''ün yenidən birləşərək başqa ölkədə işləmək ehtimalı heç də az deyil. Hələlik isə Türkiyə mətbuatının yazdığına inansaq, Bahattin Duranla Tarık Onqun televiziya verilişlərindən gələn təklifləri qəbul edərək bir müddət şərhçi kimi çalışacaqlar.
Cüneyt Çakırın köməkçilərindən şok qərar!
Dünya futbolu




