Masazır təmsilçisi dünən millimizin üzvü Namik Ələskərovun keçidini rəsmiləşdirib. 27 yaşlı yarımmüdafiəçi 3 illik müqavilə bağlayıb. O, yeni komandasında “17” nömrəli formanı geyəcək.
2020/21 “futbol ili”ndə “Neftçi” ilə ölkə çempionluğunu qazanan futbolçu həmçinin premyer-liqanın bombardiri olmuşdu. Ələskərov bundan sonra flaqmanda qalmaq istəməyərək, daha yaxşı karyera üçün “Bursaspor”a yollandı. Amma onun Türkiyə günləri heç də yaxşı keçmədi. “Timsahlar” 2021/22 mövsümünü 1-ci divizionun autsayderi kimi tamamladı və 2-ci liqaya yuvarlandı. Bu liqanın Əsasnaməsində nəzərdə tutulan qaydaya görə klubların heyətində legioner ola bilməz. Bu səbəbdən də Bursa təmsilçisisi ilə yarımmüdafiəçi qarşılıqlı razılıq əsasında yolları ayırdı. Lakin Namik karyerasını Türkiyədə davam etdirə bilərdi. Çünki futbolçunun meneceri Vaqif Heydərli qəzetimizin ötən saylarına verdiyi açıqlamalarda müştərisinə Türkiyə superliqası və 1-ci divizionundan təkliflərin olduğunu söyləmişdi. Amma nəticədə o, Azərbaycana dönməyi seçdi.
Bunun səbəbi nədi? Sualımıza cavab tapmaq üçün Vaqif Heydərli ilə danışmağı lazım bildik:
“Mən superliqadan təklif olduğunu deməmişəm. Mediada bununla bağlı söz-söhbət var idi. Bunu demişəm. Bizlə konkret əlaqə saxlayan olmayıb. Onda Namik azad agent deyildi. Dedim ki, heç kimlə rəsmi danışıq apara bilmərik. TFF 1-ci liqasından təkliflər var idi. Sadəcə, o buranı seçdi. Bir neçə klub Namiki istəyirdi. Hansı ki, orta pillələrdə qərarlaşırdılar. Elitaya çıxmağa iddialı olan klublar da var idi. Həm də orda vəziyyət dəyişir. Ötən illə bu mövsüm eyni deyil. Sadəcə, burda seçim Türkiyədə qalmaq və ya geri qayıtmaq idi. Namik də buranı seçdi. Yəqin ki, detalları düşünüb”.
Namik Ələskərov isə “Bursaspor”la vidalaşmağı unutmayıb. Milli üzvü “instaqram” hesabında “timsahlar”a belə bir məktub ünvanlayıb:
"Sizinlə unudulmaz bir il keçirdim. Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə qaydalara görə klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm".
Yarımmüdafiəçi “Sabah”a keçidi rəsmiləşdikdən sonra Masazır təmsilçisinin saytına da açıqlama verib. O, iddialı kluba gəldiyinin fərqində olduğunu deyib:
“İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdi. Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.
SƏNƏM FƏRHADOVA




