Dünən bursahakimiyet.com.tr saytında "Bursaspor"un legioner futbolçularının, o cümlədən Namik Ələskərovun son məşqdə iştirak etmədiyi haqda xəbər yayıldı.
Bundan sonra isə bir çox saytda və sosial şəbəkələrdə milli komandanın üzvünün məşqlərə qatılmaqdan imtina etməsi tirajlandı.
Söylənilənlərin nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün futbolçunun meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq:
"Namiklə bağlı saytlarda, sosial şəbəkələrdə tirajlanan yazılar qara piardan başqa bir şey deyil. Hazırda Namik Bursadadı və məşqlərdə iştirak edərək son turun oyununa hazırlaşır. Baş məşqçi şans versə, meydana çıxacaq ".
Heydərli müştərisinin gələcək karyerasına da toxundu:
"Namik müqavilə ilə "Bursaspor"a məxsusdu. Klub ikinci liqaya düşdüyündən həmin çempionatda legionerlər çıxış edə bilməz. "Bursaspor"un son oyunundan sonra onun taleyi ilə bağlı danışıqlar üçün masaya oturacağıq. Ola bilər, klub icarəyə versin, ola bilər, satsın. Azad agent statusu da verə bilər. Futbolçumuzla Türkiyə superliqasından da maraqlananlar var. Amma 1-ci liqada qalmaq şansı daha yüksəkdi. Çalışacağıq ən doğru seçimi edək”.
ABDULLA İSMAYILOĞLU