Fransa hakimiyyət orqanlarına əsaslanan İspaniyanın “El País” qəzeti xəbər verir ki, “Real”la “Liverpul” arasındakı finalı izləmək istəyən 40 min biletsiz ingilis fanat 20 min biletli həmvətəninə qoşulub. Stadionda 20 min də biletli “Real” fanatı olub. Stadionun giriş qapıları yerli vaxtla 18.00-da – hakimin start fitinə 3 saat qalmış açılıb. Oyunun startına 1 saat qalmış “Real” azarkeşləri artıq onlar üçün ayrılan yerdə olub. “Liverpul” azarkeşlərinə ayrılan sektorlarla isə boşluqlar gözə dəyib. Oyunu “Stad de Frans”dan izləyən Madrid meri Xose Luis Martines-Almeyda sosial şəbəkə hesabında bunları yazıb:
“Liverpul” fanatlarının təhlükəsizliyi ilə bağlı problem var. Ona görə ki, stadiona minlərlə biletsiz adam gəlib”.
O da qeyd olunur ki, “Liverpul”un xeyli azarkeşi arenaya biletsiz keçə bilib. Polis oyunun gedişində qayda pozucularını axtarıb və bəzilərini həbs edib. Xatırladaq ki, təhlükəsizliklə bağlı problem üzündən oyun 36 dəqiqə gec başlayıb.




