İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasının final oyunu üçün Fransanın "Stad de Frans" stadionunun seçilmə səbəbini aydınlaşdırması xahişi ilə UEFA-ya müraciət edib.
"Football-plus.az" xəbər verir ki, rəsmi açıqlamada matç günü baş verənlər də nəzərə alınmaqla, seçim zamanı hansı meyarların əsas götürüldüyü istənilib.
Bəyanatda bildirilib:
"Biz azarkeşlərin köməksiz və müdafiəsiz qalmalarına görə məsuliyyəti kimin daşıdığını aydınlaşdırmaq üçün cavab və izahat da xahiş edirik".
Qeyd edək ki, mayın 28-də keçirilmiş qarşılaşmada "Real Madrid" İngiltərə "Liverpul"unu 1:0 hesabı ilə məğlub edib. Tamaşaçılar içəri daxil ola bilmədikləri üçün görüşün startı 36 dəqiqə yubanıb. Polis stadiona girməyə cəhd edən fanatlara qarşı gözyaşardıcı qazdan, toqquşmalar zamanı isə dəyənəklərdən yararlanıb.
Öncədən Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi. Lakin ölkə futboluna tətbiq edilmiş sanksiyalar üzündən həlledici matç Parisdə baş tutub.