Ötən həftə AFFA İcraiyyə Komitəsinin qərarı ilə növbəti mövsüm premyer-liqada 21 yaşadək futbolçu limiti ləğv olundu.
Sözsüz ki, buna ən çox üzülən Milan Obradoviç oldu. Serbiyalı mütəxəssis dəfələrlə açıqlamalarında bildirib ki, bu limitin sayının 2 olması daha yaxşı olardı. Lakin İcraiyyə Komitəsi bunu nəzərə almayıb, ümumiyyətlə, uzun illərdi tətbiq olunan qaydanı ləğv etdi. Görəsən, Obradoviçin bu məsələyə münasibəti necədi? 21 yaşadək futbolçu limitinin ləğvi ilə bağlı fikirlərini öyrənmək üçün serbiyalı mütəxəssislə əlaqə saxladıq:
“Bu məsələ haqda mövqeyimi bilirsiz. Çünki sərəncamımda olan futbolçuların premyer-liqada mübarizə aparması həqiqətən də böyük təcrübə idi. Bir il ərzində onlar çempionatda milli komanda üçün hazırlaşırdılar. Hamıya bəllidi ki, premyer-liqa ilə 1-ci divizion arasında yetərincə səviyyə fərqi var. Düzdü, mən daha çox aşağı liqanın oyunlarını izləyirəm. Burda yığmadan 16-17 futbolçum var. Premyer-liqada isə cəmi 8 klub oynayır. Onlarda limitə düşən oyunçu sayı kifayət qədər az olur. Həmin futbolçuların əksəriyyəti əsas yığmaya dəvət olunur. Bu da 1-ci divizionun oyunlarını daha çox izləməyə şərait yaradır. İndi məcburuq ki, bir yerə uyğunlaşaq. Əslində bu, daha yaxşı nəticələrə səbəb ola bilər. Çünki cavan futbolçular məcbur olacaqlar ki, daha çox çalışsınlar. Onlar öz əzmkarlığı nəticəsində klublarında və əsas millidə oynaya bilərlər. Düşünürəm ki, baş məşqçilər onlara daha az şans verəcək. Bu da futbolçuların məsuliyyətini daha da artıracaq. Premyer-liqada çıxış edən klubların baş məşqçiləri gənclərin inkişafını qarşıya məqsəd qoymayacaq. Çünki ən yaxşı yerlilər əsas heyətdə çıxış edəcək. Düşünürəm ki, bu, əsas millinin inkişafı üçün düşünülmüş addımdı. Yenə də fikrimdə qalıram, baş məşqçilər gənclər haqda düşünməyəcək. Hansı azərbaycanlı daha yaxşı və güclüdüsə, onlar əsas heyətdə yer alacaq. Qısa yox, uzun zamanı düşünsək, bu, əla qərardı. Çünki gənclər düşünəcək ki, heyətdə yer almaq üçün ən yaxşı olmaq lazımdı. Bizim məqsədimiz də tam aydın olacaq. Artıq gənc futbolçuları əsas yığma üçün hazırlamağa çalışacağıq. Bu günü və növbəti ili düşünməməliyik. Qarşıdakı 10 il ərzində bu qərar Azərbaycan futboluna fayda verə bilər. Təbii ki, burda klublarla birgə çalışmalıyıq. Onlar da gənc futbolçuların yetişməsinə cəhd göstərməlidilər. Çünki növbəti illərdə azərbaycanlı futbolçu çatışmazlığından əziyyət çəkə bilərlər. Gəlin ancaq mənim komandam haqda düşünməyək. İndiki situasiyada hazır futbolçular var. Gələcəkdə necə olacağını zaman göstərəcək”.
İLKİN SULTANLI