İmişlillər AFFA rəhbərliyi ilə görüşü gözləyir - ÖZƏL AÇIQLAMA

1.05.2022 14:21 708
Ölkə futbolu
İcraiyyə Komitəsinin son iclasında yeni mövsümdə “Araz Naxçıvan”ın, Mingəçevir”in və “İmişli”nin birinci divizionda iştirak edəcəyi ilə bağlı qərar qəbul olunduğundan xəbəriniz var.

Artıq neçə müddət idi ki, 2022/23 “futbol ili”ndə aşağı dəstədə yeni komandaların olacağı ilə bağlı söz-söhbətlər dolaşırdı. Ancaq etiraf edəf ki, onların arasında “İmişli”nin olacağı bir qədər gözlənilməz oldu. Bəlkə heç imişlilər özləri belə assosiasiyanın onlara belə sürpriz edəcəyini gözləmirdilər.
Bu yerdə ortaya sual çıxır. Uzun müddət peşəkar liqalardan kənar düşən “İmişli”yə kim rəhbərlik edəcək, komandanı kim çalışdıracaq? Ümumiyyətlə, bölgə təmsilçisinin futbol təssərüfatı kimə və ya kimlərə tapşırılacaq?

Bu suallara cavab tapmaq üçün hazırda İmişlidə yaşayan veteran futbolçu Ruhid usubovla əlaqə saxladıq. 36 yaşlı veteran futbolçu “Football-plus.az” saytına açıqlamasında hələ bu uallara aydınlıq gəlmədiyini bildirdi:

“ Bu barədə hələ heç nə deyə bilmərəm. Üzümüzə gələn həftə bizi, daha dəqiq desəm, komandanın rəhbəri Aqşin Mürsəlovu, Region Liqasında çıxış edən vaxt komandaya maddi köməklik göstərən İlkin Əhmədovu və məni AFFA-ya dəvət ediblər. Yəqin ki, həmin görüşdə sizi maraqlandıran suallar ətrafında müzakirələr olacaq. Rayonun deputatı Razi Nurullayevin “Football-plus.az” saytına verdiyi müsahibə ilə rayonda demək olar hamı tanışdı. Çox hörmətli deputatımız da açıqlamasında rayonda futbolun inkişafından, kənar qüvvələrin bu sahədən təmizlənməsindən danışıb. Ümid edirik ki, növbəti mövsümdən birinci divizionda çıxış edəcək komanda imişlilərin qürur yeri olacaq. Peşəkar liqada mübarizə aparan komandanın aşağı yaş qrupları da olmalıdı ki, bu da yerli uşaq və yeniyetmələrin üzə çıxması yönündə çox müsbət bir addım olacaq”.


Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionunun bərbad durumda olması da futbol ictimaiyyətinə məlumdu. Görəsən, arena yeni mövsümə kimi hazır olacaq? Usubov qısa vaxtda bunun çətin olacağını, vaxt ötdükcə stadionu qaydasına sala biləcəklərini bildirdi:

“Bəli, stadionumuz bərbad vəziyyətdədi. Nə qaz, nə işıq, nə də su var. Ot örtüyündən isə ümumiyyətlə danışmağa dəyməz. AFFA rəsmiləri ilə ilk görüşdə arena düzələnə kimi ev oyunlarımızı Saatlı Olimpiya kompleksində keçirə biləcəyimizi bildirmişik. Orda çox gözəl şərait var. Ancaq bu məsələyə də nöqtə qoyulmayıb. Asossiasiya rəsmiləri ilə görüşdən sonra sizin bütün suallara ətraflı cavab verə bilərəm”.

RƏŞAD