“İmişli”yə ayrılacaq büdcə məlum oldu - ÖZƏL

5.06.2022 13:33 1 746
Ölkə futbolu / Manşet
Yeni mövsümdən birinci divizionda çıxış edəcəyi dəqiqləşən “İmişli”ni Ruhid Usubov çalışdırcağını xəbər vermişdik.

36 yaşlı veteran futbolçu “Football-plus.az” saytına açıqlamasında bu xəbəri təsdiq etmişdi. Onun təyinatı sənəd üzərində rəsmiləşməsə də, yaxın vaxtlarda Usubov “İmişli”nin baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.

Bu arada bölgə təmsilçisi ilə bağlı daha bir xəbər əldə etmişik. Söylənilənlərə inansaq, artıq kluba ayrılacaq maliyyə də müəyyənləşib. AFFA hər ay “İmişli”yə 10 min manat verməyi düşünür. Bu isə bir mövsüm üçün 100 min manat deməkdi.

Deyilənlərə aydınlıq gətirmək üçün Usubovla əlaqə saxladıq:

“Mənim işim komanda formalaşdırmaqdı. Bu gün daha çox futbolçularla danışıq aparır, onları komandaya cəlb etmək yönündə işlər görürəm. maliyyə məsələsinə rəhbərlik baxır. Komandaya nə qədər pul ayrılacağını onlar bilir. Onu da qeyd edim ki, “İmişli”nin əsasını yerli oyunçular təşkil edəcək”.


Ruhid bəy bizimlə söhbətdə Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionunda görülən işlər barəsində də məlumat verdi:

“Ən böyük problem su məsələsi idi ki, artıq bir həftədən çoxdu ki, bu çətinlik aradan qalxıb. Artıq qazonu sulamaq üçün heç bir problem qalmayıb. Belə davam edəcəyi təqdirdə tezliklə təbii örtük istənilən səviyyəyə gələcək və ümid edirəm ki, çempionat oyunlarını doğma azarkeşlərimizin qarşısında keçirə biləcəyik”.


RƏŞAD