"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bu dəfə nəzərlərimizi “Zirə” futbol klubuna yönəldəcəyik. Bakının eyniadlı qəsəbəsini təmsil edən klub elitanın gənclərindən sayılır. Buna baxmayaraq, “Zirə” diqqətləri üzərinə çəkməyi, özünə azarkeş qazanmağı bacarıb. Hətta Azərbaycanı avrokuboklarda təmsil etmək şərəfinə də layiq görülüb. Hazırda da “Zirə”nin əsas komandasının işləri premier-liqada pis getmir. Zirəlilər həm premyer-liqada mükafat qazanmağa iddialıdılar, həm də ölkə kubokunda mübarizəni davam etdirirlər. Bəs uşaq komandalarında vəziyyət necədi? Mövzuyla bağlı “Zirə”nin Futbol Akademiyasının rəhbəri Zaur Həşimovla söhbətləşdik.
UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına malik Zaur Həşimov 2020-ci ilin sentyabrından “Zirə” Futbol Akademiyasının rəhbəridi. Bir müddət Azərbaycanın U-18 millisini çalışdıran həmsöhbətimiz “Zirə”nin əsas komandasının da baş məşqçisi olub. Həşimovun futbolçu karyerası da yetərincə zəngindi. 40 yaşlı mütəxəssis karyerası ərzində “Şəfa”, “Xəzər Universiteti”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Sumqayıt”ın heyətində çıxış edib. Ən çox oyunu isə 2008-ci ildən formasını geydiyi “Qarabağ”da keçirib. 4 il ərzində ağdamlıların heyətində 86 oyuna çıxıb və iki qolla fərqlənib.
- Zaur bəy, uzun müddət milli komandamızda və bir sıra aparıcı klublarımızda çıxış etmisiz. Məşqçi kimi də qısa müddətdə təcrübə toplamağı bacarmısız. Amma hazırda “Zirə”nin akademiyasında əlaqələndiricisiz, uşaq futboluna nəzarət edirsiz. Uşaq futbolu spesifik, özünəməxsus problemləri olan sahə sayılır. Çünki uşaqlarla işləmək bir ayrı istedad tələb edir. Siz bu haqda nə düşünürsüz?
- Doğru vurğuladız. Uşaqlarla işləməyin özünəməxsuz qayda-qanunları var. Onlara xüsusi diqqət və qayğı ilə yanaşmaq lazımdı. Özlüyündə bu iş də çox çətin və məsuliyyətlidi. Uşaq futbolu elədi ki, burda hər yaş qrupu üzrə konkret məşqçi işləməlidi. Həmin mütəxəssis də uşaqların yaş dövrünün xüsusiyyətlərini nəzərə almalı, onlara yanaşmanın tərzini bilməlidi. Üstəlik məsələnin futbol tərəfi var. Hansı yaş qrupunda uşaqlara nəyi öyrətməliyik, ona diqqət yetirməliyik. 8 yaşdan 13 yaşa qədər uşaqlara təməl texnika öyrədilir. Onları nəticəyə yox, texnikanı öyrənməyə və onu düzgün tətbiq etməyə yönəltmək vacibdi. Uşaqlar bu yaşda top qəbulunu, driblinq etməyi, ayaqla topa düzgün müdaxiləni və ayağın içiylə ötürmə vermək kimi xüsiyyətləri mənimsəməlidilər. Bununla yanaşı, koordinasiya və sürət məşqlərinə diqqət yetirilməlidi. Xüsusən də sürət məşqlərinə çox vaxt ayrılmalıdı. Bunu uşaqlara aşılamağı bacaran istedadlı mütəxəssisin olması vacibdi. Həmin məşqçi yalnız 13 yaşa qədər olan uşaqlarla işləməlidi. 13 yaşdan sonra 16 yaşa qədər mütəxəssislər qrup şəklində məşqlərə diqqəti artırmalıdılar. Həmçinin bu yaş qrupunda uşaqlara fiziki güc məşqləri tətbiq etmək də lazımdı. Deməli, həmin qrupun məşqlərində fiziki hazırlıq üzrə mütəxəssislər də iştirak etməlidi. 16 yaşdan sonra bütün mərhələləri düzgün keçən uşaq formalaşmış gənc futbolçu sayılır. Artıq onlara böyük futbolun sirlərini aşılamaq olar. Həmin yaşdan sonra uşaqlarla işləmək üçün taktiki savadı yüksək, psixoloji baxımdan hazırlıqlı və ən əsası, öyrətməyi bacaran məşqçilərə ehtiyac yaranır. Belə mütəxəssislərin futbol məşqçiliyi üzrə təhsili ali olsa, onun üçün üstünlükdü. Bunları vurğulamaqda məqsədim odu ki, hər bir yaş qrupunun spesifik olmasını və fərqli yanaşma tələb etməsini nəzərə almalıyıq.
- Hazırda “Zirə”nin futbol akademiyasında işlər necə qurulub? Aşağı yaş qruplarında neçə komanda var? Onlar hansı liqalarda çıxış edir və nəticələr necədi?
- Uşaq komandalarımız AFFA-nın lisenziyalaşdırma qaydalarının tələblərinə uyğun tam formada fəaliyyət göstərir. Özümüz də bu komandalara xüsusi diqqətlə yanaşmağa, onları inkişaf etdirməyə çalışırıq. Hazırda futbol akademiyamızda 10 yaş qrupu üzrə komanda fəaliyyət göstərir. Həmin komandalardan doqquzu AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatlarında çıxış edir. Bu komandalarımız U-10 yaş qrupundan başlayaraq U-19 komandasına qədərdi. “Zirə”nin əvəzedici komandası da bərpa olunub, fəaliyyətini yüksələn xətlə davam etdirir. Mütəxəssislərin yekdil fikri həmişə belə olub ki, uşaq komandalarda nəticəyə önəm vermək lazım deyil. Əksinə, uşaqlar nəticədən çox futbol oynamaq, öyrənmək və əylənmək üçün meydana çıxmalıdılar. Biz də çalışırıq ki, işimizdə həmişə bu prinsipləri rəhbər tutaq. Məqsədimiz odu ki, daha çox uşağın futbolla məşğul olmasına, onların bu oyundan zövq almasına çalışaq. Həm də istedadlar üzə çıxsın, onları həm “Zirə”nin, həm də Azərbaycan futbolunun gələcəyi üçün qazandıraq. Hər halda, hamımızın çalışmaqda məqsədi ölkə futboluna fayda verməkdi. Addım-addım bu məqsədə doğru irəliləməliyik. Hələ irəlidə görüləcək iş çoxdu. Əminəm ki, düzgün seçilmiş sistem sayəsində qarşıya qoyulan məqsədə də çata bilərik.
- Zaur bəy, sözsüz, ümumilikdə Azərbaycanda uşaq futbolunun özünəməxsus problemləri var. Siz bu problemləri və onlardan çıxış yollarını necə görürsüz?
- Az əvvəl sualınıza cavab verərkən belə problemlərdən birinə toxunmağa çalışdım. Fikrimcə, yaxşı mütəxəssislərin olması çox vacibdi. Həmin mütəxəssislər öz işlərini sevməli, uşaq futboluna can yandırmalıdılar. Hər bir yaş qrupu üzrə peşəkar və keyfiyyətli mütəxəssislərin olması əsas şərtdi. Belə mütəxəssislər təkcə təhsil almaqla, internetdən nəsə öyrənməklə kifayətlənməməlidi. Onların Avropanın tanınmış futbol akademiyalarına təcrübə kurslarına yollanması üçün dəstək göstərilməli, şərait yaradılmalıdı. Xaricdəki iş prinsiplərini, uşaq futboluna yanaşmanı öyrənən mütəxəssislər burdakı fəaliyyətlərini də təhlil etməli, düzgün nəticə çıxarmalıdı. Əminəm ki, bu şəkildə uşaq futboluna effektiv yanaşmaqla yaxın illər ərzində nəticə əldə edəcəyik, çəkilən əziyyətin bəhrəsini görəcəyik.
İLKİN SULTANLI