Borçe Xristov isə yenidən akademiyaya nəzarət edəcək
Qurban Qurbanovun əsas yığmadan ayrılmasından sonra digər yaş qruplarından ibarət millilərin çalışdırıcıları işsiz qaldı. Söhbət U-21-in başında olmuş Rəşad Sadıqov, U-18-ə cavabdehlik daşımış Zaur Həşimov, U-17-nin “sükanı arxasında” olmuş Ramin Quliyev və U-16-nın nəticələrinə cavabdehlik daşımış Azər Məmmədovdan gedir. Düzdü, Rəşad Sadıqov futbolçu karyerasını davam etdirir. Yəni iş baxımından problem yoxdu.
Başqaları hazırda gözləmə mövqeyindədi və gələcək taleləri barədə düşünürlər. Tədricən hər biri məşqçi kimi fəaliyyətə davam edəcək. Sadəcə, gec-tezi var. Məsələn, Zaur Həşimov artıq qollarını çırmalayıb, rəsmi müqaviləyə qol çəkəcəyi günü gözləyir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, gənc mütəxəssis yenidən “Qarabağ”da peyda olacaq. Məşqçilik karyerasının ilk illərində ağdamlıların sıralarında olan, lakin sonradan “Zirə”də çalışan Həşimova əvəzedicilərdən ibarət komanda tapşırılacaq. Artıq bu yöndə müzakirələr aparılıb və qərar qəbul olunub. Qalır işin rəsmi tərəfi.
Çempionatın ilk yarısında əvəzedicilərin başında olan Borçe Xristov isə əvvəlki kimi akademiyanın əlaqələndiricisi funksiyasını yerinə yetirəcək. Buna səbəb son vaxtlar aşağı yaşlılardan ibarət komandalarda çatışmazlıqların müşahidə olunmasıdı. Makedoniyalı mütəxəssis nəzarəti gücləndirməlidi.
Təəssüf ki, “Qarabağ” rəsmilərindən məlumatla bağlı mövqe öyrənə bilmədik.
HƏBİB