Bu ilin qışında “Qəbələ” ilə anlaşan və əvvəlcə Sənan Qurbanovun, cari mövsümün 4-cü turundan etibarən isə Elmar Baxşıyevin köməkçisi kimi çalışan Zaur Həşimovun srağagün “Zirə”nin baş məşqçisi təyin olunduğunu xəbər vermişdik. İlk baxışdan onun bölgə təmsilçisini Bakıətrafı qəsəbə klubuna dəyişməsində qeyri-adi heç nə yoxdu. Köməkçi-məşqçinin məşqçilər korpusundan ayrılmasının komandanın çıxışına təsiri çox olmamalıdı.
Ancaq bu məsələdə bir məqam var ki, onu diqqətdən qaçırmaq olmaz. Bildiyiniz kimi, Sənan bəy kimi, Baxşıyevin də PRO kateqoriyası yoxdu və bu üzdən Zaur bəy sənəd üzərində “qırmızı-qaralar”ın baş məşqçisi kimi göstərilirdi. Bəs görəsən, Həşimovun gedişindən sonra “Qəbələ” rəhbərliyi bu məsələni necə həll etməyi düşünür? Xatırladaq ki, Lisenziyalaşdırma Komissiyasının tələblərinə görə, avrokuboklarda iştirak etmək üçün lisenziya almaq istəyən klublarda “sükan arxasında” olan mütəxəssisin mütləq PRO kateqoriyası olmalıdı. Bu suala aydınlıq gətirmək üçün ölkə kubokunun son qalibinin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Anar bəy sualımıza qısa cavab verdi: “Rəhbərlik hazırda bu yöndə iş aparır. Əsasnamənin tələblərinə uyğun addım atılacaq”.
RƏŞAD