Zaur Həşimov qış fasiləsində iki futbolçunu əsas komandadan uzaqlaşdırdı. "Zirə"nin baş məşqçisinin qərarına əsasən Elvin Məmmədovla Bəxtiyar Həsənalızadə bir müddət idi əvəzedici komanda ilə məşq edirdi. Baş məşqçiylə problemi olduğu deyilən futbolçular Antalya toplanışına da aparılmamışdı. Bəxtiyar məşqləri davam etdirsə də, Elvin qəsəbə təmsilçisindən ayrılıb. Halbuki ötən ilin mayında komandaya qoşulan yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanmışdı.
Məmmədov “Zirə”dən ayrılması ilə bağlı bunları dedi: "Gözlənilən idi. Sağ olsunlar, razılaşdılar, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik. Klubdan alacağım vardı, aldım, sonra da müqaviləni pozduq".
Elvindən karyerasını hara davam etdirəcəyini də soruşduq: "Hələ ki real təklif yoxdu. Gözləyirəm. Hazırda hər ölkədə çempionat başlayıb. Karyeramı düşünürəm. Hansısa komandadan təklif gəlsə, dəyərləndirəcəm".
AYGÜL