“Zirə” Adrian Skarlatake və Nicat Süleymanovla da yollarını ayırıb. Bu haqda dünən klubun mətbuat xidməti məlumat yayıb. “Zirə” adı çəkilən futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb. Qəsəbə təmsilçisi buna qədər Cavid Hüseynov, Orxan Sadıqlı, Tellur Mütəllimov, Boyan Zoqoviç, Miloş Bakraç, Yovan Krneta və Şafik Tiqruca ilə də vidalaşıb.
Görünən budu ki, bu gedişlə komandada futbolçu qalmayacaq. Səbəb isə hamıya bəllidi. Büdcənin nəzərəçarpan dərəcədə azaldılması xüsusilə yüksəködənişli legionerlərlə yolların ayrılmasını labüd edir. Zaur Həşimovla yolların ayrılmasından sonra başsız qalan “Zirə” bu problemi də yoluna qoymayıb. Vaxt isə azalır... Düzdü, Rəşad Sadıqov dünən “Qarabağ”dan ayrılmaq qərarı verəndən sonra məhz “Zirə”nin “sükanı arxasına” keçəcəyinə dair gümanlar artıb ki, qəzetimizin ötən sayında bu məsələyə ətraflı toxunmuşduq.