“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.

Budəfəki müsahibimiz Emin Mustafayevdi. Təxminən 10 il əvvəl Emin Mustafayevin adı mətbuatda tez-tez səslənirdi. “Qarabağ”ın əsas komandasına qədər yüksələn həmsöhbətimiz “Sumqayıt”, “Rəvan” və MOİK-də də çıxış edib. Gənc yaşlarında U-17, U-19 millilərində parlayıb, hətta ona kapitan sarğısı da həvalə edilib. Amma bütün bu uğurların davamını əsas millidə gətirmək mümkün olmayıb. Hazırda “Neftçi”nin U-14 komandasında köməkçi-məşqçi kimi çalışan Mustafayevlə söhbətimizdə bu məqamda da toxunduq.



- Emin bəy, internetdəki qaynaqlarda qeyd olunur ki, futbolda ilk addımlarınızı Ağstafada atmağa başlamısız. Sonra isə futbol oynamağa Sumqayıtda davam etmisiz. Oxucularımız üçün da maraqlı olar, futbola gəlişiniz necə oldu, bu oyunun sirlərini kimdən öyrəndiz?
- Çox doğru məqama toxunduz. İndi bunun səbəbini izah edərəm. Mən 1990-cı ildə Sumqayıtda dünyaya gəlmişəm. Sonra atamın işləri ilə bağlı Ağstafa rayonuna köçməli olduq. Elə futboçu kimi ilk addımlarımı da 5-6 yaşımda atamın rəhbərliyi altında atmışam. Atam gördü ki, həyətdə bütün gün topun arxasınca qaçıram, bu oyuna böyük həvəsim var. Məni futbola yazdırdı. Sonra gördü ki, dərslərimdən geri qalıram, məni futbol məşqlərindən çıxardı. İçimdəki futbol sevgisi isə qalırdı. Bütün gün həyətdə futbol oynayırdım, evə gec gəlirdim. Atam da bunu görürdü, başa düşdü ki, məni futboldan ayırmaq olmaz. Yenidən qərarını dəyişdi, amma bir şərt kəsdi ki, bütün dərslərindən “5” qiymət alacaqsan. Demişdi ki, belə olmasa, yenidən məni futboldan ayıracaq. Anam müəllimə olduğundan mən də dərslərimi yaxşı oxuyurdum. Belədə həm dərslərimə davam etdim, həm də futbol oynadım. Atam Mahir Mustafayev də Sumqayıt məktəbinin yetirməsidi, köhnə futbolçudu. Atam Tofiq Rzayevin tələbəsidi, Nazim Süleymanov, Əfqan Talıbov və Nazim Əliyev kimi tanınmış futbolçularla birlikdə oynayıb. SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandalarına dəvət alıb. Həmçinin də “Xəzər Lənkəran” və Xankəndi “Qarabağ”ının formasını geyib. Demək istəyirəm ki, belə bir atanın övladının futbolla məşğul olması da təbii idi. Özü də futbolçu olduğundan məni gözəl başa düşürdü. Məktəblilərin yay tətilində Ağstafadan Sumqayıta gəlirdik. O vaxt Tofiq Rzayev də Sumqayıtda işləyirdi. Tofiq müəllim oyunumu gördü, bəyəndi. Köhnə tələbəsi Mahir Mustafayevin oğlu olduğumu öyrənincə atamla da danışdı ki, Emin qalsın burda. Sumqayıtda bibimgildə qalırdım, Tofiq Rzayev də bildirdi ki, şəhərdə futbolçu olmağım daha asandı. Orta məktəbə də burda davam etdim. Rayonda “Avey” komandasında özümdən böyüklərlə oynayırdım. Həmin futbolçuların əksəriyyəti Azərbaycan çempionatında çıxış etmişdilər. Onlarla keçdiyim məşqin faydasını Sumqayıtda da gördüm. Məşqçim burda da məni özümdən böyüklərlə oynatmağa başladı. Belə deyim, futbolun sirlərini atamdan öyrənmişəm, davamını isə Sumqayıtda Tofiq Rzayev və Ağamusa Bağırovla gətirmişəm.

“Ramin Nəsirli qarşısına “Neftçi”ni Avropada təmsil etmək məqsədi qoymalıdı”


- “Qarabağ”ın əsas komandasında, gənclər yığmasında çıxış etsəz də, bu uğurların davamını gətirməyə nəsə mane oldu. Parlaq karyera qurmaq üçün nə çatmadı?
- Mən Sumqayıtda “Gənclik-95” komandasında forma geyirdim. Bu komanda da o vaxt birinci dəstədə çıxış edirdi. Şakir Qəribovla Yaşar Vahabzadə mənim çıxışımı həmin komandanın heyətində gördülər. Özümdən yaşca böyüklər arasında seçilirdim. Məni U-17 millisinə dəvət etdilər. O vaxt U-17 millisi həm də klub kimi fəaliyyət göstərirdi. Çünki uşaqların çoxu klubsuz idi. “Şəfa” stadionunda məşq edirdik. Həmdi Sərpil Tüzün və Tacəddin Doğan da “Qarabağ”ın futbol akademiyasına yeni gəlmişdilər. Tacəddin bəy indi də Qarabağ”ın aşağı yaş qrupları üzrə texniki direktorudu. U-17 millisindən məni Rauf Əliyev və Maksim Medvedevlə birlikdə “Qarabağ”a cəlb etdilər. Bununla da “Qarabağ” karyeram başladı. 6 il müddətində bu klubun bir parçasına çevrildim. Düzdü, müəyyən fasilələrlə icarə qaydasında müxtəlif klubların formasını geydim. Əsgərlikdə MOİK-də, “Sumqayıt”da isə icarə əsasında çıxış etmişəm. U-17, U-19 və U-21 millilərinin heyətində ölkəmizin idman şərəfini qorumuşam. Hətta kapitan olmuşam. Uğurlarımın davamını gətirməyə nə mane oldu?! Özüm də bu barədə çox düşünmüşəm. Fikrimcə, bir oyunçunun özünü göstərməsi üçün azı yüksək səviyyəli çempionatda 3 il zamana ehtiyacı var. Bu müddət ərzində futbolçu sabit oynamalıdı. Məndə bu fürsət əvvəl MOİK-də bir il müddətində oldu, premier-liqada çıxış etdim. “Qarabağ”da isə rəqabətin güclü olduğunu hamımız yaxşı bilirik. Xüsusən də orta xətdə. “Sumqayıt” elitada Bernar Raabın rəhbərliyi altında çıxış edəndə daha bir şans qazandım. Mənim üçün elitada ən uğurlu mövsüm ordakı çıxışım idi. Samir Abasovdan sonra komandanın vitse-kapitanı idim. “Sumqayıt”da davam etsəydim, mənim üçün daha yaxşı olardı. Amma müqavilə ilə məxsus olduğum “Qarabağ”a qayıtdım. Düşünürdüm ki, bəzi futbolçular gedib, orta xətdə boşluq var və mənə də oynamaq üçün şans yaranacaq. Elitada iki mövsüm təcrübə qazanmışdım. Komandaya qayıtmağım Qurban Qurbanovun şəxsi təşəbbüsü ilə olmuşdu. Bu dəfə ortaya 21 yaş limiti çıxdı. Hər bir komandada yaşı 21-dən az azı bir yerli futbolçu olmalıydı. Mən isə o limitə düşmürdüm. Qara Qarayev, Almeydə və Namiq Yusifov “üçlüy”ü ortada oynayırdı. “Bakı” və “Xəzər Lənkəran”la oyunlarda Qurban Qurbanov mənə oynamaq şansı verdi. Özümü yaxşı tərəfdən göstərdim. Əvvəllər Qurbanov gənclərə çox da şans verə bilmirdi. Son illərdə “Qarabağ” avrokubokların qrup mərhələsində daim çıxış edir. Belədə iki “cəbhə”də oynamaq üçün iki heyət lazım olur. Heyət geniş olanda gənclər də şans qazanır. Mən oynadığım dövrlərdə isə Namiq Yusifov, Aslan Kərimov, Rəşad Sadiqov kimi təcrübəlilər meydana çıxırdı. Belə adların arasında özümə şans tapa bilmirdim. Sonra da limit önümü kəsdi. Başqa bir klubda olsaydım, daha çox şans qazanardım. “Neftçi”də və “Qəbələ”də yerlilərin alternativi yalnız gənclər idi. Belədə məşqçilər təcrübəlilər oynaya bilməyəndə onların yerinə gəncləri meydana buraxırdı. “Qarabağ”da isə rəqabət güclü idi, şans qazanmağım çətin idi. Mənə mane olan səbəblərdən biri də Rasim Karanın dövründə əməliyyat keçirməyim oldu. Bu zədənin fəsadı özünü çox göstərdi. Sonra “Rəvan”a getdim. Artıq “Rəvan” mənim üçün elitada son klub idi. Böyük ümidlər və sözlərlə məni “Rəvan”a çağırdılar, amma oynamağa şans vermədilər. Altı ay sonra dedilər ki, gedə bilərsən. Bir müddət Türkiyədə Qars şəhərinin komandasında da oynadım. Bundan sonra da karyeramı bitirməyə qərar verdim.



- Məşqçliyə gəlişiniz necə oldu? Maraqlıdı ki, fəaliyyətə uşaq komandalarından başlamısız. Bu sahədə hansı hədəfləriniz var?
- Üç il “Qaradağ Lökbatan”da da forma geymişəm. Hədəfim birinci divizionda oynayıb yenidən elitaya yüksəlmək idi. Bilirsiz ki, Lökbatan təmsilçisinin də hədəfləri böyükdü. Komandaya Sadıq Sadıqov rəhbərlik edirdi. Dəfələrlə yer tutduq, amma elitaya çıxmaq mümkün olmadı. Gördüm ki, birinci divizionda oynamaqla nəsə əldə etmək mümkün deyil. Başa düşdüm ki, məşqçiliyə başlamağın zamanıdı. Hətta bir müddət Region Liqasında “Baku Siti”nin heyətində də oynadım. Oynaya-oynaya məşqçi kurslarına yazıldım, C kateqoriyasına yiyələndim. Elgiz Kərimli mənim yaxın dostumdu. O məsləhət gördü ki, “Neftçi”də köməkçi-məşqçi axtarılır, iki vakant yer var. Bernard Lippert sağ olsun, “Neftçi”nin futbol akademiyasının baş əlaqələndiricisi Mik Bennetlə danışdı. O da məni dəvət etdi, U-16 və U-12 komandalarında boş yer var idi. Özüm böyük qrupda başlamaq istəyirdim. Fikirləşirdim ki, yetərincə təcrübəm var, çətinliyim olmaz. Mik mənə məsləhət gördü ki, aşağıdan başlayım. Belədə U-12 komandasında Vasif Əliyevin köməkçisi kimi başladım. Sözsüz, əsas hədəfim elitada məşqçi kimi işləməkdi. Özümə qarşı tələbkaram, işimə qarşı ciddiyəm. Atam da bu sahənin adamıdı, mən də onun yoluyla gedib uğur qazanmaq istəyirəm. B kateqoriyasını oxumuşam, imtahan vermişəm. Yaxın bir ay ərzində cavablar çıxmalıdı. İnanıram ki, cavablar məni sevindirəcək və öz yolumla irəliləyəcəm.



- “Neftçi”nin futbol akademiyasında məşqlər, iş sistemi necə qurulub? Uşaqların hazırkı səviyyəsi, istedadların vəziyyəti sizi qane edirmi?
- “Neftçi” bu sahədə Azərbaycanda ən üst səviyyədə olanlardandı. Hazırda ölkə miqyasında ən yaxşı şərait bizdədi. Mən indi uşaqlara deyirəm ki, projektor işığında ilk dəfə 17 yaşımda, millinin heyətində oynamışam. Amma onlar süni meydan olsa belə, 12 yaşından bu imkanı qazanırlar. Meydançalar yaxşıdı, toplar kifayət qədərdi. İstilik sistemi, paltardəyişmə və duş otaqları yüksək səviyyədədi. Keyfiyyətli formalarla, geyimlərlə uşaqlar təmin olunur. Məşqlər əlaqələndiricimiz, PRO kateqoriyalı Elşad Əhmədovun rəhbərliyi ilə keçirilir. Bizim kimi gənclər üçün Elşad Əhmədovla birlikdə işləmək böyük şansdı. Ondan öyrənirik. Həftəlik proqramları Elşad müəllim tərtib edir, onun əsasında da biz uşaqları öyrətməyə çalışırıq. Hər zaman olduğu kimi, Azərbaycanda yaxşı və istedadlı uşaqlar çoxdu. Üç ildi bu işin içindəyəm. “Şərait-şərait” deyirik, amma bununla bərabər kifayət qədər bacarıqlı məşqçilərimiz olmalıdı. Əvvəllər şərait yox idi, uşaqlar yetişirdi deyirlər. Amma əvvəllər uşaqlar indikilərdən daha məsuliyyətli idi. Biz çətinliklərlə böyüyürdük, onlara sinə gərib daha çox çalışırdıq. İndiki uşaqlar yeni əsrin uşaqlarıdı. Texnologiya uşaqların tənbəlləşməsinə, fikrinin yayınmasına səbəb olur. Məşqçilər daim savadlanmalı, artırmalıdılar. Bunun üçün də xarici klublarda kurs keçmək vacibdi. Bir məşçi olaraq özüm də daim axtarışdayam. İnternetdən, kitablardan öyrənirəm, bilik əldə edirəm. Çalışmalı və səy göstərməliyik.



- “Keşlə” ilə qarşılaşmada gənc Ramin Nəsirli elitadakı ilk oyunundaca qol vurmağı bacardı. Onun haqqında nə düşünürsüz? Ramilin fərqlənməsi, ona göstərilən etimad başqaları üçün stimul ola bilərmi?
- Gənc futbolçunu hamımız alqışlayırıq. Ramin Nəsirli “Neftçi”nin gənclərə necə şans verməsinə, onları yetişdirməsinə gözəl nümunədi. Raminin oynaması, qol vurması həm özünə, həm də onun yaşında olanlara stimul verməlidi. Bizim mentallıqda bir qədər çətindi, uşaqlarda özünəvurğunluq tez yaranır. Bir qolla heç kim futbolçu olmur. Daim inkişaf etmək, öz üzərində çalışmaq lazımdı. Gənclərimiz qarşılarına böyük hədəflər qoymalıdılar, o cümlədən də “Neftçi”ni Avropada təmsil etmək. Daha böyük uğur odu. Bizim akademiyadan 4-5 futbolçu hazırda xarici klublara yollanıb. Bugünkü Azərbaycan reallığında “Neftçi” ilk sıralardadı. Musa Qurbanlı, Elşən Abdullayev də bizim akademiyanın yetirməsidi. Belə adlar çoxdu, bu akademiyadan yaxşı oyunçular çıxır. Ənənəni davam etməliyik, həm də uşaqlar özləri hədəflərini böyütməlidi.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

“Tottenhem”dən daha bir transfer

MS gənc oyunçuya görə 13 milyon avro ödədi

Bütün xəbərlər