Vəli Qasımov veteranların iki cəbhəyə bölünməsini anlaya bilmir
Artıq premyer-liqada birinci dövrə başa çatıb. Əksər mütəxəssislərin fikrincə, “Qarabağ” 2019/20 “futbol ili”ni də çempion kimi başa vurmaqda çətinlik çəkməyəcək. Premyer-liqadakı qalan 7 komandadan bir baş üstün olan ağdamlıların “qızıl”ı qazanacağına inananların sayı nə qədər çox olsa da, bəzilərinin fikrincə, çempionatda intiriqa hələ tam öləməyib. Bəs görəsən, “Neftçi”nin sabiq çalışdırıcısı Vəli Qasımov bu mövzuda nə düşünür? Onunla söhbətdə həm premyer-liqanın ilk dövrəsini müzakirə etdik, həm də yığmanın Macarıstanla oyunu barədə danışdıq.
- Birinci zəngimizdə məşqdə olduğunuzu bildirib, bir saatdan sonra əlaqə saxlamağımızı istədiz. Məşq deyəndə nəyi nəzərdə tuturduz?
- AFFA-nın “Elit məşq” layihəsində idim. Ona görə də ilk zənginiz zamanı danışa bilmədim.
- Siz eyni zamanda AFFA-nın seleksiyaçı-məşqçisi kimi fəaliyyət göstərirsiz. Avqustun əvvəlində “Qəbələ”nin iki yetirməsi – Gülağa Əsədov və Mehrac Baxşəliyev sizin vasitəçiliyinizlə İspaniyaya yollanmışdı. O uşaqların aqibəti necə oldu?
- Artıq hər ikisi geri dönüb. Ancaq “Malaqa” rəhbərliyi onların performansından razı qalıb. Yenidən onları komandanın məqşlərinə dəvət edirlər. Böyük ehtimalla yaxın vaxtlarda həm Gülağa, həm də Mehrac yenidən İspaniyaya yollanacaq. Avropa klublarında gənclərimizin sayı nə qədər çox olsa, bir o qədər futbolumuz üçün faydalı olar. Bu yöndə işimizi davam etdiririk. Sağ olsun AFFA rəhbərliyi ki, gənclərə belə imkan yaradır.
- Artıq ilk dövrə başa çatıb. Çoxları “Qarabağ”ın cari mövsümdə də çempiona olacağını deyir. Bəs siz necə düşünürsüz?
- “Qarabağ”ın premyer-liqada çıxış edən qalan klublardan bir baş üstün olduğunu görməmək mümkün deyil. Mövsümün əvvəlində “Neftçi”nin “Arsenal”la oyunlarından sonra mən də fikirləşirdim ki, bu il “ağ-qaralar” çempionluq uğrunda “Qarabağ”la başabaş mübarizə aparacaq. Ancaq ilk dövrədə qeydə alınan nəticələr onu deyir ki, Qurban Qurbanovun komandası yenə “qızıl”ı heç kimə verməyəcək. “Neftçi”nin əsas problemi qeyri-sabit oyun sərgiləməsindədi. “Qarabağ” bir ayaqla 7 turda hamını məğlub etdi. Ağdamlıların heyətində fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular yer alıb. Bundan başqa, ehtiyat oyunçular skamyası da çox genişdi. Baş məşqçi əksər matçlarda rotasiyaya əl atsa da, bu məqam oyunda özünü göstərmir, komandanın oyun intizamı itmir.
- Sizcə, “Neftçi”nin problemi nədədi? Heyəti zəifdi, yoxsa baş məşqçi işinin öhdəsindən gəlmir?
- Bu haqda heç nə deyə bilmərəm. Çünki “mətbəx”in içində deyiləm. Ancaq görünən odu ki, içəridə nəsə var və bu üzdən nəticələr ürəkaçan deyil. Heyətə gəlincə, bundan şikayətlənmək düzgün çıxmaz. Bu gün “Neftçi”nin düşərgəsində yaxşı futbolçular toplaşıb. Baş məşqçinin sərəncamında olan istər legionerlər, istərsə də yerlilər ustalıq səviyyəsinə görə heç də “Qarabağ”ın oyunçularından geri qalmırlar.
- Sözlərinizdən belə başa düşmək olar ki, siz də artıq “Qarabağ”ın çempion olacağını düşünənlər arasındasız.
- Bunu mən demirəm, “Qarabağ” oyunu ilə göstərir.
- Bəs 2020-ci ilin yayında avrokuboklara vəsiqə uğrunda hansı klubları daha şanslı sayırsız?
- Hazırda elə vəziyyət yaranıb ki, Qurban müəllimin komandası ilk pillənin aşkar sahibidi. Qalan komandaların hər biri qitəmiqyaslı turnirə vəsiqə qazanmaq iqtidarındadı. İndi konkret ad çəkib, hansı komandanınsa şansının çox olduğunu demək çətindi. Bəlkə də ikinci dövrədən sonra bu haqda danışmaq daha asan olar.
- Bir qədər də milli barədə danışaq. Yığmanın Bəhreynlə oyununu izlədiz?
- Bəli, oyuna baxdım.
- Matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Açığı, qlaib gəlməyimizə baxmayaraq, müdafiədki səhvlər məni narahat edir. Ola bilsin, baş məşqçi ərəblərlə oyunda müəyyən eksperiment apardı, yeni oyunçuları fərqli mövqelərdə yoxladı. Ümumi götürsək, qalib gəlməyimizə baxmayaraq, millinin sərgilədiyi oyun o qədər də ürəyimcə olmadı. Bir qədər səviyyəli yığma olsaydı, müdafiəçilərimizin səhvlərini bağışlamayacaqdı. Heç hücum xəttindən də razı qalmadım. Üç “hədiyyə”dən 3 qol vurduq.
- Əksər mütəxəssislərin, futbol yazarlarının fikrincə, Macarıstanla oyun ərəfəsində Bəhreynə səfər edib, bu ölkənin yığması ilə yoxlama matçı keçirmək düzgün deyildi. Bəs siz necə düşünürsüz?
- Hardasa haqlı iraddı. Lakin bir şeyi nəzərə almaq lazımdı ki, Azərbaycan kimi yığmaların yoxlama görüşləri üçün rəqib tapması çox müşkül məsələdi. Qitənin aparıcı milliləri ən azı öz səviyyələrində olan komandalarla qarşılaşmaq istəyir. Mən yığmada işləyəndə bu çətinlikləri görmüşəm. Onu da nəzərə almaq lazımdı ki, istənilən komandaya yoxlama görüşü keçirmək vacibdi. Millinin baş məşqçisi qısa vaxtda sərəncamında olan futbolçuları harda yoxlamalıdı, yeni gedişləri hansı oyunda sınaqdan çıxarmalıdı? Təbii ki, belə matçlarda. Bəlkə də Bəhreyn səviyyəmizə uyğun rəqib deyil. Bu qarşılaşma bizdən çox onlara vacib idi. Lakin ən azı Nikola Yurçeviç də ərəblərlə görüşdə özü üçün hansısa informasiyanı əldə etdi, oyunçuları iş başında izlədi.
- Qarşıda yığmanı Macarıstanla oyun gözləyir. Millinin Budapeştdən heç olmasa, 1 xalla geri dönmək şansı var?
- Şans həmişə var. Futbolda sensasiyaya tez-tez rast gəlmək mümkündü. Real yanaşsaq, heç şübhəsiz, macarlar bu oyunun favoritidi.
- Azərbaycanlı azarkeş nə vaxta kimi sensasiyaya ümid edəcək?
- Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamaqda maraqlı olmayacaq, başqa ölkələrə üz tutmayacaq, inkişaf baxımından geri qalacaq. Bu gün “Qarabağ” bir ayaqla az qala ilk dövrədə çempionluğu rəsmiləşdirirsə, biz yığmadan ancaq sensasiya gözləməyə məcburuq. Yenə deyirəm, AFFA indi gənclərimizin Avropaya yollanması üçün əlindən gələni edir. Heç olmasa, 5-6 futbolçumuz ölkə xaricində çıxış etsə, biz də yığmadan sensasiya yox, konkret nəticə tələb edə bilərik. İndi-indi bu yola qədəm qoymuşuq. Müəyyən qədər zamana ehtiyacımız var.
- Son günlər veteranlar arasında ikitirəlik yaranıb. Bəziləri Veteranlar İttifaqının sədri Oqtay Abdullayevin yanındadı, bəziləri isə Nazim Süleymanovun yeni yaratdığı təşkilatda yer alıb. Artıq iki cəbhə arasında qarşıdurma pik həddə çatıb. Siz başverənlərə necə münasibət göstərirsiz?
- Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Mənə hələ də çatmır ki, bu insanlar niyə üz-üzə gəlib, bir masa ətrafında oturub mətbuata dediklərini öz aralarında danışmırlar? Bu nə deməkdi? Bu gün bu çıxır mediaya açıqlama verir, sabah o birisi mətbuat vasitəsi ilə ona cavab qaytarır. Kimin kimə nə sözü, iradı varsa, öz aralarında həll etməlidi. Belə deyişmələrlə heç kim heç nəyə nail olmayacaq.
RƏŞAD