Bir neçə gün əvvəl Romario hamını təəccübləndirən qərar verib.
Braziliya yığmasının sabiq hücumçusu karyerasını bərpa edəcək! Zarafat deyil, o, 58 yaşında rəsmi matçlarda meydana çıxacaq! Ortaya təbii sual çıxır: onu hansı amil və ya səbəb yenidən yaşıl meydana qayıtmağa vadar edir? İndi bu suala cavab verəcək və əfsanəvi futbolçunun digər sahələrdəki fəaliyyətinə də nəzər salacağıq.
Əfsanəvi oyunçunun möhtəşəm karyerası
Romarionun adını nəinki Braziliya, həm də futbol tarixinə böyük hərflərlə yazdığı çoxlarına bəllidi. O, karyerasını 2007-ci ildə başa vursa da, iki ildən sonra qısa müddətə yaşıl meydana qayıtmışdı. 1987-2005-ci illərdə Braziliya yığmasında çıxış edən əfsanəvi futbolçu milli formada 70 oyuna 55 qol vurub. DÇ-1994-ün, iki dəfə Amerik Kubokunun (1989, 1997) və Konfederasiyalar Kubokunun (1997) qalibi olan sabiq hücumçu uğurlarla zəngin olan karyerası ərzində “Vasku da Qama” (1985-88, 2000-02, 2005-06, 2007), PSV (1988-93), “Barselona” (1993-95), “Flamenqo” (1995-96, 1997, 1998-99), “Valensiya” (1996-97), “Fluminense” (2002-2004), “Əl-Sədd” (2003), “Mayami” (2006), “Adelayde Yunayted” (2006) və “Amerika”da (Rio de Janeyro, 2009) oynayıb.
Oğlu ilə birgə oynamaq istəyir
İndi gələk əsas məsələyə: futbol veteranı 2023-cü ilin sonunda prezidenti olduğu “Amerika”da oynayacaq. İstəyi oğlu Romarinyo ilə birgə meydana çıxmaqdı. Maraq üçün qeyd edək ki, “Amerika” hazırda Braziliya çempionatının D seriyasında çıxış edir. Klubun rəhbəri tezliklə bu komandanın formasında yaşıl meydanda görünəcəyini rəsmən videomüraciət formasında bəyan edib, sonra isə bunun sənədlə təsdiqləyib. Artıq Romarionun adı futbolçuların qeydiyyatını aparan Braziliya İnformasiya Bülletenində (Bira) əksini tapıb. Başqa sözlə, onun 2009-cu ildən sonra yenidən rəsmi oyunda iştirakına maneə törədə biləcək heç nə yoxdu.
Dünya çempionu Rio de Janeyro klubu ilə müddəti bu il dekabrın sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, şəxsi klubunda minimum maaş əvəzində çıxış edəcək. Amma cüzi qazancını da “Amerika”nın xəzinəsinə qaytaracaq, daha doğrusu, Romarionun cibinə qoymayacağı açıqlanmayan məbləğ klubun xəzinəsində qalacaq. Prezident həmçinin klubda idarəedici funksiyasını yerinə yetirəcək. O, uzun müddətdən sonra, həm də hazırkı yaşında futbol meydanına dönmək qərarını belə izah edib: “Əslində çempionatda ciddi şəkildə mübarizə aparmaq fikrim yoxdu. Əsas istəyim oğlumla birgə bir neçə matçda iştirak etməkdi”.
30 yaşlı oğlu Romarinyo komandaya yaxında qoşulub. Baş məşqçi Markus Aleşandrenin futbol veteranını komandaya uyğunlaşdırmaq baxımından böyük probleminin olmayacağı deyilir. Səbəb sadədi: futbol əfsanəsi hətta 58 yaşında da müntəzəm bu oyunu və çimərlik futbolunu oynayır. Deyilənə görə, fiziki hazırlığı da qaydasındadı.
Liqada mübarizə mayın 12-də start götürəcək. “Amerika”nın ilk oyunu yəqin ki, məlum səbəbdən diqqəti gözləniləndən qat-qat artıq cəlb edəcək.
“Amerika” haqda nə bilirik?
Bu yerdə “Amerika” ilə bağlı qısa məlumat da maraq doğurur. Braziliyanın ən yaşlı klublarından birinin əsası 1904-cü ildə qoyulub. Bunu xüsusi vurğulamalıyıq: futbol dünyasında “Amerika” adı verilən ilk klub məhz Rio de Janeyro təmsilçisidi! Bu adda Braziliyada, Ekvador və Meksikada da klublar var. Qitənin adını daşıyan digər klubların estafeti Romarionun rəhbəri olduğu “Amerika”dan aldıqları dəqiqdi.
Komandanın titul baxımından kolleksiyası da kasad deyil: Karioka çempionatında 7 dəfə çempion olub. Doğrudu, sonuncu belə titul 1960-cı ildə qazanılıb. O vaxtdan Rio de Janeyro şəhərinin digər təmsilçiləri “Botafoqo”, “Flamenqo”, “Vasku da Qama” və “Fluminense” ilə rəqabətin güclənməsi “Amerika”nın ən yaxşı göstəricisinin 2-ci yer olmasını şərtləndirib. Komanda son illərdə isə ştatın 2-ci divizionunda mübarizə aparmalı olub: 2011-ci ildən sonra yalnız bir dəfə - 2016-cı il mövsümündə yüksək divizionda görünüb və yenidən aşağı liqaya düşüb.
Romarionun yeni oyundaşları heç də məşhur deyillər. Onlar arasında yalnız vaxtilə “Santos”da Neymar ilə birgə oynayan Andreni fərqləndirmək olar. Əlbəttə, Romarinyonu da qeyd etməliyik.
Futbol meydanından siyasət meydanına
Qeyd etdiyimiz kimi, onun atası peşəkar karyerasını 2009-cu ildə başa vurub. Özü də həmin ildə məhz “Amerika”nın formasında bir neçə oyuna çıxıb. Onda praktiki olaraq dərhal fəaliyyət sahəsini dəyişərək siyasət meydanına atılıb: 2010-cu ildə Romario Milli Konqresin Aşağı Palatasına (Braziliyanın qanunverici orqanı) seçilib. Bu dövlət orqanında Braziliya Sosialist Partiyasını təmsil edib.
Amma sonradan məlum olduğuna görə, siyasət haqqında hələ yaşıl meydanlarda top qovarkən düşünməyə başlayıb: