“Son oyunların psixoloji təsiri də unudulmamalıdı”
Premyer-liqada cari mövsüm başa çatmaq üzrədi. Sona cəmi üç tur qalsa da, çempion bəlli deyil. Son illərin əsas rəqibləri "Qarabağ"la "Neftçi" çempionluq uğrunda amansız mübarizə aparır. Hazırda 51 xal toplayan ağdamlılar bakılıları 1 xal qabaqlayır. Bəs görəsən, komandaların heyətində daha əvvəl çempion olan sabiq futbolçuları nə düşünür? Çempionluq yolunda kimi daha şanslı görürlər?
"Neftçi"nin sabiq futbolçusu Rail Məlikov flaqmanı üstün sayır: "Son oyunlara baxanda "Neftçi" daha şanslı görünür. Lakin düşünürəm ki, son tura qədər iki komanda arasında mübarizə davam edəcək. Sona 3 tur qalib, bu oyunlarda kim daha şanslı olsa, o da çempion olacaq. Hazırkı vəziyyətə əsasən hər iki komandanın şansları eynidi. Son turlarda həm psixoloji, həm də oyun baxımından "Neftçi" daha üstün görünür. "Qarabağ" daha çətin oyunlara çıxıb, kubokda ağır oyun keçirərək mübarizəni dayandırıb. Bu qarşılaşmanın ardınca isə çempionatda "Zirə" ilə heç-heçəyə razılaşdılar. Bəllidi ki, komandada yorğunluq var, son oyunların psixoloji təsiri də unudulmamalıdı. Ümumiyyətlə, çempionatda ilk iki yer "Neftçi"ylə "Qarabağ"ın olacaq. Üçüncü pillə uğrunda isə "Zirə"ylə "Sumqayıt" arasında gərgin mübarizə gedir. Orda da şansları bərabər dəyərləndirirəm. Hər iki komandanın qarşıda ağır oyunları var. İndi nəyisə dəqiq demək olmur. Yalnız bu bəllidi ki, ilk üç yerin taleyi bu 4 komandanın arasında həll ediləcək".
Vaxtilə Ağdam təmsilçisinin heyətində çempion olan Vüqar Nadirovun fikirləri isə belə oldu: "Düşünürəm ki, çempionluğu taleyi son turda - "Qarabağ"la "Neftçi"nin oyununda müəyyənləşəcək. İndiki məqamda kimsə üstün deyil. Arxayınlaşmaq olmaz. Kim güclüdüsə, o da qalib gələcək. Arxayınlaşan komanda üçün çempionluq əldən gedəcək".
AYGÜL