Yığmanın forvardı yeni klubuna havayı başa gələcək
Millinin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubunu dəyişir. Bu haqda Rusiyanın "Sport-Express" nəşri məlumat yayıb. Rus həmkarlarımız Şeydayevin tezliklə Moskva “Dinamo”su ilə müqavilə bağlayacağını bildiriblər. Nəşr tipik hücumçu axtarışında olan "Dinamo"nun namizədlər arasında üstünlüyü Şeydayevə verdiyini, 23 yaşlı oyunçunun Moskva klubunda tibbi müayinədən keçəcəyini vurğulayıb. Bundan sonra isə tərəflər münasibətləri rəsmiləşdirəcək. Həmkarımız yığma üzvünün moskvalılara havayı başa gələcəyini də bildirib. Çünki forvardın Samara təmsilçisi ilə müqaviləsinin müddəti bitib və o hazırda azad agent statusu daşıyır.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm "Krılya Sovetov"un heyətində premyer-liqada keçirdiyi 18 oyunda 4 qola imza atıb.
Heç şübhəsiz, Şeydayev “Dinamo”ya keçəcəyi halda karyerasında irəli addım atmış olacaq. Moskva təmsilçisi Rusiyanın ən köklü və ən titullu klublarından biri sayılır. “Ağ-göylər” 11 qat SSRİ çempionudu. Müstəqillik illərində komanda çempion ola bilməsə də, 1994-cü ildə gümüş medallara sahib çıxıb. 1997 və 2008-ci illərdə Rusiya çempionatını 3-cü pillədə başa vurub. Tarixi ərzində 6 dəfə kuboku başı üzərinə qaldıran moskvalılar sonuncu belə uğuruna 1994/95 mövsümündə imza atıb.
“Dinamo” tarixən azərbaycanlı futbolçular üçün də uğurlu komanda olub. Uzun illərdi çempionluğa həsrət qalan komandanın azarkeşləri hətta öz aralarında “Dinamo” çempion olmaq istəyirsə, mütləq heyətinə azərbaycanlı futbolçu qatmalıdı” deyirlər. Bu deyim isə səbəbsiz deyil. Klubun tarixi ərzində iki azərbaycanlı - Ələkbər Məmmədov və Vəli Qasımov “ağ-göylər”in şərəfini qoruyub. Məmmədov 1954-59-cu illər aralığında “Dinamo”nun şərəfini qoruyub və 3 dəfə komanda SSRİ çempionu olub. Məmmədovun İtaliyada “Milan”ın qapısına vurduğu 4 qol hələ də stajlı “Dinamo” azarkeşlər tərəfindən xatırlanır.
Vəli Qasımov isə 1992-cildə, Rusiyanın ilk müstəqil çempionatında “ağ-göylər”in şərəfini qoruyub və meydana çıxdığı 17 oyunda rəqib qapılarından keçirdiyi 16 qolla nəinki komandanın, çempionatın bombardiri olub.
Ümid edək ki, Şeydayev də “Dinamo”nun tarixində iz qoymuş həmyerlilərinin yolu ilə gedib, adını “ağ-göylər”in tarixinə yazdırmağı bacaracaq.
RƏŞAD